Ermənistan Laçın dəhlizinə alternativ yolun tikintisinə başlayır. Məsələ ondadır ki, Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq. Bu barədə “Hraparak” nəşri məlumat yayıb. Qeyd olunur ki, tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək: “Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini də öz vəsaiti ilə tikməyi təklif edib, amma baş nazir Nikol Paşinyan ictimaiyyətin münasibətindən ehtiyatlanaraq bundan imtina edib”.
Məlumat üçün qeyd edək ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 3 il ərzində Laçın dəhlizinə alternativ yol çəkilməlidir. Azərbaycan tərəfi artıq Laçın şəhərindən yan keçən 32 km-lik yolun tikintisini başa çatdırır, Ermənistan tərəfi isə işlərə hələ başlamayıb. Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda Rusiya hərbçilərinin nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Ermənistanın Gorus şəhəri ilə Xankəndini birləşdirəcək və Laçın şəhərindən yan keçəcək 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək. O da məlumdur ki, bu vaxta qədər Ermənistan yolun onların ərazisinə düşən hissəsinin tikintisinə ümumiyyətlə, müzakirə etmirdi. Məqsəd prosesi yubatmaq idi. Amma indidən aydındır ki, yeni yolun açılması və Laçının boşaldılması payıza qala bilər.
Məlum olub ki, iyulun 20-də Rusiya ordusunun himayəsi altında Qarabağ və Şərqi Zəngəzurun bir hissəsində qanuni-qanunsuz qalmaqda davam edən haylar işğal dövründə Laçın şəhərində tikdikləri kilsədə növbəti dini mərasim keçirməyi planlaşdırırlar. Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, bu haqda erməni apostol kilsəsinin “Artsax” eparxiyasının “Facebook” səhifəsində məlumat yayılıb. “Liturgiyanın yerli ruhani keşişTer-Beniamin Tsaturyan tərəfindən həyata keçiriləcəyi” bildirilir.
Göründüyü kimi, ermənilər hər cür vasitəyə əl atırlar ki, prosesi pozsunlar. Kəsəsi, Ermənistan “yolsuzluq yolu”nu tutub, hər mənada... Ermənistanın yeni yolun açılması ilə bağlı tərəddüdləri nə ilə bağlıdır? Məlumdur ki, Laçın dəhlizində bir neçə kənd boşaldılmalıdır və xaricdən köçürülmüş həmin erməni ailələri Xankəndi və ətrafına deyil, Ermənistana köçürülmələrini istəyirlər. Mümkündür ki, Paşinyan hakimiyyəti bu köçürülmənin Ermənistanda yarada biləcəyi sosial gərginlikdən qorxur. İkinci tərəfdən, Azərbaycanın yeni yolda sərhəddə post qurması da gündəmdədir ki, Ermənistanda buna Qarabağın birdəfəlik itirilməsi kimi baxırlar. O səbəbdən, hər vasitə ilə prosesi yubadırlar. Amma nə vaxta qədər? Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın və ona havadarlıq edən dövlətlərin tez bir zamanda Laçın dəhlizinə alternativ yolun tikintisinə başlamaqla bağlı fikirləri boş sözdən savayı bir şey deyil: “Əgər bu adamlar ötən iki il ərzində 2020-ci ilin üçtərəfli bəyannaməsində nəzərdə tutulan müddəaları yerinə yetirməmək üçün maksimum çalışdılarsa, deməli, indiki məqamda onların bu vədinə də inanmağa dəyməz. Bunların hansısa əməli iş görəcəklərini şəxsən mən görmürəm və düşünmürəm. Yenə çalışılacaq ki, müxtəlif bəhanələrlə bu məsələnin həllini uzatsınlar: ”Ya xan ölər, ya da eşşək" misalındakı kimi... Ermənistanda hakimiyyətə gələcək yeni bir hoqqabaz ümumiyyətlə, Paşinyanla imzalanmış sənədlərin hüquqi qüvvəsinin olmaması ilə bağlı bir sarsaq fikir söyləyəcək və məsələ dalana dirənəcək. Hər şey ona doğru gedir. Biz gözlədikcə, biz danışıqlar apardıqca, Ermənistan da əlaltdan öz natəmiz işlərini görməkdədir. Vəziyyətə qısa nəzər salaq: son aylarda Ermənistanın və separatçıların hansı həyasızlıqla absurd bəyanatlar səsləndirdiklərinə baxaq. Görürük ki, bunlar yenə əvvəlki kimi hansısa statusdan, əlavə tələblərdən və şərtlərdən dəm vururlar. Məğlub ölkənin bunu savaşdan sonrakı 2 ilin tamamında dilə gətirməsi də təsadüfi sayıla bilməz. Deməli, bunların öz planı və öz düşüncələri mövcuddur". Polkovnik Cəfərov hesab edib ki, yaxın aylarda biz nəyisə dəyişə bilməyəcəyimiz təqdirdə, vəziyyət yenə güc müstəvisinə gəlib çıxacaq: “Onsuz da yenə Azərbaycan əsgərinin gücü hesabına biz erməni-rus hoqqabazları yerində oturda biləcəyik. İşğaldan azad edilən ərazilərə yaxın yerlərdən hələ xeyli erməni ailələri - işğal dövründə qanunsuz məskunlaşanlar köçürülməlidir. Onların harada məskunlaşdırılacağı belə, hələ tam aydınlaşmayıb. Bütün bunlar isə vaxt deməkdir. Ona görə də Paşinyan və komandası məsələlərin həllini bilərəkdən, məqsədyönlü şəkildə yubadır və hələ çox yubatmağa çalışacaq”.
Politoloq Məhəmməd Əsədullazadə də qeyd etdi ki, müharibədən bir il yarımdan çox keçməsinə baxmayaraq, Ermənistan öhdəliklərini yerinə yetirmir: “Azərbaycan bütün vasitələrdən istifadə edərək, Ermənistanı öhdəliklərini yerinə yetirməyə məcbur edəcək, buna əminik. Məhz Laçın şəhərinin Azərbaycana qaytarılması da bu öhdəliklərə daxildir. Azərbaycan öz üzərinə düşən yolun tikintisini başa çatdırmaqdadır. Artıq bu yol Laçın dəhlizi adlandırılmayacaq. Bundan əlavə, Laçın şəhəri və bir neçə kənd Azərbaycanın nəzarətinə keçməlidir. Məhz Paşinyan da yerli KİV-ə verdiyi müsahibəsində açıq şəkildə qeyd etdi ki, bəli, biz Laçın şəhərini və bir neçə kəndi qaytaracağıq. Sadəcə, hazırda Ermənistan çalışır ki, prosesləri uzatsın. Amma bu da yetərli olmayacaq”.
Politoloq əmindir ki, Ermənistan Gorusda yeni yolu çəkəcək, bu, qaçılmazdır: “Ümumiyyətlə, Azərbaycan qəti şəkildə Ermənistan ərazisində yol çəkməməlidir. Buna getmək olmaz. İkinci, yeni yolun istifadəyə verilməsi təbii ki, Ermənistanın öz ərazisindən yol çəkməsindən asılıdır. Düşünürəm ki, Ermənistan buna tez bir vaxtda gedəcək. Ondan sonra Laçın şəhəri və kəndlər nəzarətimizə keçəcək. Ermənistanın çıxış yolu yoxdur. Bununla bağlı Azərbaycana qarşı hər hansı bir təxribat etməsi mümkün deyil”. M.Əsədullazadə xatırlatdı ki, Prezident İlham Əliyev son çıxışında bir daha Ermənistana xəbərdarlıq etdi: “Ümumiyyətlə, yeni yolda Azərbaycan mütləq post qoymalıdır. Bu postu qoymaqla separatizmə son verəcəyik, silahlı erməni birləşmələrini ləğv edəcəyik və Ermənistanın çürümüş iddiaları fiaskoya uğrayacaq. Rusiya çalışacaq ki, post qoymayaq. Rusiyaya lazımdır ki, separatizm davam etsin. Amma biz Moskvanın nə deməyindən asılı olmayaraq, buna getməliyik. Prezident İlham Əliyev bu məsələni də həll edəcək. Yeni yolda post qoymaq sadə bir məsələdir və bir qədər siyasi iradə tələb edir. İndiyə qədər Azərbaycan siyasi iradə nümayiş etdirib və bu iradə davam edəcək”.
Hərbi ekspert Ədalət Verdiyev isə Oxu.az-a açıqlamasında diqqətə çatdırıb ki, Ermənistan və Rusiyanın Azərbaycanla imzaladıqları 10 noyabr bəyannaməsinin şərtləri yerinə yetirilməzsə, Azərbaycan antiterror əməliyyatına başlaya bilər: “Öhdəliklərə əməl edilməməsi Azərbaycan tərəfini dərindən narahat edir. Bəyannamənin imzalanmasından keçən 20 ay ərzində nə erməni silahlıları Qarabağdan çıxarılıblar, nə də Naxçıvanın Azərbaycanla ikitərəfli maneəsiz birləşməsini təmin edən yolun inşasına başlanıb. Rusiya sülhməramlıları əhalinin Azərbaycanda müvəqqəti nəzarət etdikləri ərazilərdəki doğma yurd-yuvalarına qayıtmasını təmin etməlidirlər.
Əgər imzalanan bəyannaməni üç tərəfdən ikisi yerinə yetirmirsə, o zaman Azərbaycan Ermənistanı imzaladığı sənədləri yerinə yetirməsinə məcburetmə əməliyyatlarına başlaya bilər. Bunun adını təmizləmə və ya antiterror əməliyyatı qoymaq olar. Nə ad daşımasından asılı olmayaraq Ermənistan üçün çox ağrılı nəticələrə gətirəcək. Bunun üçün Azərbaycanın kifayət qədər imkan və potensialı mövcuddur".