29-31 iyul tarixlərində Göygöl rayonunun Hacıkənd qəsəbəsində II Milli Yaylaq Festivalı keçirilib. Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə keçirilən festivala ümumilikdə 120 mindən artıq iştirakçı qatılıb.
“Cavad Xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Turizm Agentliyi, Dünya Etnoidman Konfederasiyası, Türkiyənin Gəncədəki Baş konsulluğu, TİKA, KOBİA və bir sıra özəl şirkətlərin dəstəyi ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edib.
Yaylaq yurdu etno-qəsəbəsində “Cıdır meydanı”, “Yaylaq bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı”, “Yaylaq yatağı”, “Pəhləvan meydanı”, “Aşıq Ələsgər ocağı”, “Xan yurdu”, “Yaylaq süfrəsi” kimi tematik guşələr qurulub.
Milli Yaylaq festivalının bədii hissəsini təşkil edən Mədəniyyət Nazirliyi yaylaq ərazisi boyu müxtəlif guşələr yaradıb.
Dövlət rəsmiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai xadimlər, tanınmış sənətçilər, media nümayəndələri və qazilərin iştirakı ilə keçirilən rəsmi açılış mərasimində qonaqları oğuz elinin ağsaqqalı Dədə Qorqud qarşılayıb, söz söyləyib, xeyir-dua verib. Sonra Gəncənin yaradıcı kollektivlərinin iştirakı ilə kompozisiya nümayiş olunub. Ardınca yerli və xarici incəsənət kollektivlərinin yürüşü baş tutub.
Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişmələri, milli rəqslər, xalq mahnıları, səhnəciklər və teatral kompozisiyalar, dirədöymə, çilingağac, əzəldəyməz, müçük, aşıq-aşıq kimi qədim xalq oyunlarına tamaşa edib, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olub, təbiət qoynunda əsl yaylaq həyatı yaşayıblar.
Festival iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan 2 mindən artıq tamaşaçı tutumlu amfiteatr səhnəsində və səkkizguşəli ulduz formalı səhnədə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, İtaliya, Sloveniya, Macarıstan, Litva, İran, Rusiya, Ukrayna, Moldova, Hindistan, Pakistan, Tatarıstan, Dağıstandan dəvət olunmuş kollektivlər, Azərbaycan Milli Konservatoriyası, Akademik Musiqili Teatr, Şuşa Dövlət Musiqili Dram Teatrı, Dövlət Pantomima teatrı, Bakı Dövlət Sirki, Gəncə Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Yazıçılar Birliyi, Aşıq Pəri Məclisi, Dədə Ələsgər ocağı, həmçinin Gəncə, Saatlı, Masallı, Balakən və Qubanın musiqi, rəqs və folklor kollektivləri çıxış ediblər. Festival proqramında Azərbaycanda yaşayan azsaylı xalqların çıxışlarına xüsusi yer ayrılıb. Axısxa türkləri, dağ yəhudiləri, talışlar, avarların mədəniyyət kollektivləri öz koloritli ifaları ilə tamaşaçıların diqqətini cəlb edib.
Festivalda mədəniyyət proqramı ilə yanaşı, milli yaylaq oyunları adı ilə ümumiləşdirilmiş idman tədbirləri də yer alıb.
Festival iştirakçıları yorğa və çaparaq at yarışları, milli güləş yarışı, qurşaq güləşi kimi müsabiqələri, cigitovka, atüstü milli oyunları, zorxana, ox atma, kəndirbaz və pəhləvanların nümunəvi çıxışlarını izləyib, masa güləşi, kəmənd dartma, nərd, çuval-qaçdı, qalaqapı kimi kütləvi oyunlada iştirak ediblər.
Yaylaq iştirakçıları və turistlər xüsusi etno-qəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş yurd yerlərində öz çadırlarını quraraq gecələyiblər. Bundan başqa, bölgənin məşhur yerlərinə hiking turları, atlı gəzintilər, tarixi ekskursiyalar və yamac paraşüt turları təşkil edilib.
Günün sonunda isə yaylaq həyatı tonqal başında nağıllar, musiqilər, rəqslər, interaktiv oyunlar, him-cim oyunu, səssiz kino, qiraət kimi gecə əyləncələri ilə davam edib.
II Milli Yaylaq Festivalı miqyasına, əhatə etdiyi coğrafi areala və iştirakçı sayına görə Azərbaycanın ən böyük kütləvi tədbiri hesab edilir.