Türkiyənin məşhur gəzinti marşrutları
Türkiyə dünyanın ən məşhur trekinq və gəzinti yerlərindən biridir və artıq ekoturizm həvəskarlarının sevimli məkanına çevrilib.
Unikal flora və faunaya malik təbiət əraziləri, şəhərin yaxınlığında yerləşən meşələr, dünyaca məşhur turizm mərkəzləri və tarixin dərinliklərinə gömülən müxtəlif sivilizasiyaların xarabalıqları Türkiyənin turizm və trekinq marşrutları arasında yer alır.
Türkiyənin ilk uzun məsafəli gəzinti marşrutu olan və gözəl təbiətlə əhatə olunan Likya Yolu Fəthiyədən Antalyaya qədər 500 kilometrlik bir ərazini əhatə edir.
Hər il dünyanın hər yerindən minlərlə turisti özünə cəlb edən Likya Yolu Likiyanın ən əhəmiyyətli ticarət və inzibati mərkəzləri olan 20-dən çox qədim yaşayış məntəqəsi və şəhərini əhatə edən marşrutu ilə diqqət çəkir. Marşrut təxminən 30 günə tamamlana bilər.
Türkiyənin digər məşhur məkanı Kapadokya möhtəşəm mənzərəsi və füsunkar tarixi ilə turistləri valeh edir.
Ekoturizm həvəskarlarının diqqətini Göyərçinlər Vadisi, Sevgi Vadisi, Qırmızı Vadi və Zemi Vadisindəki gəzinti və trekinq marşrutları ilə yanaşı bölgənin bənzərsiz “nağılları” olan qaya xarabalıqları və daş oymaları da cəlb edəcək.
Müxtəlif sivilizasiyaların vətəni olan Anadolu tarix, təbiət və mədəniyyətsevərlər üçün cəlbedici marşrutlar təqdim edir.
Alacahöyük, Şapinova kimi yaşayış məntəqələri ilə YUNESKO-nun Dünya İrs Siyahısına daxil olan Hattuşa Qədim Şəhərinin içindən keçən Hitit yolu, Anadolunun keçmişini əks etdirən 17 trekinq parkurundan ibarətdir. Cəmi 385 kilometrlik trekinq parkurundan ibarət olan Hitit marşrutu təbiətsevər səyahətçilərə tarixi əsərlər və təbii gözəlliklər də daxil olmaqla Anadolunun bənzərsiz mozaikasını yaşamağa imkan verir.
İstanbulun Sarıyer səmtindəki Belqrad meşəsində yerləşən 5300 hektarlıq cığır qısa və uzun məsafələr üçün nəzərdə tutulub.
Ziyarətçilər burada piknik edə və dincələ bilərlər. İstanbulun şimalında Şile, Sarıyer və Arnavutköy rayonlarında trekinq və gəzinti üçün kiçik meşəlik sahələr də var.