AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yağış suyu şəhərləri istidən qoruya bilər – alimlərdən qeyri-adi təklif

  • + A
  • - A
  • Bu gün, 09:59

    Yağış suyu şəhərləri istidən qoruya bilər – alimlərdən qeyri-adi təklif


    Yağış suyu şəhərləri istidən qoruya bilər – alimlərdən qeyri-adi təklif

    Alimlər şəhərlərdə həddindən artıq istilərin təsirlərini azaltmaq üçün yağış suyundan istifadə etməyi təklif ediblər.

    Mancester Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, binaların damlarından toplanan yağış suyunun isti havalarda damların soyudulması üçün istifadəsi kondisionerlərə sərf olunan elektrik enerjisini azaltmaqla yanaşı, şəhərlərdə havanın temperaturunun aşağı düşməsinə və ekstremal istilərin müddətinin qısalmasına səbəb ola bilər. Araşdırmanın nəticələri Earth’s Future jurnalında dərc olunub.

    Tədqiqat çərçivəsində damlardan yağış suyunun toplanması, xüsusi çənlərdə saxlanılması və isti hava zamanı avtomatik şəkildə damlara püskürdülməsi nəzərdə tutulan sistem modelləşdirilib. Nümunə kimi isə Tokio şəhəri götürülüb.

    Modelləşdirmənin nəticələrinə görə, damların soyudulması binaların həddindən artıq qızmasının qarşısını alır. Nəticədə kondisionerlər daha az işləyir. Bu isə soyutma sistemlərinin ətraf mühitə yaydığı istiliyin azalmasına və şəhərdə havanın əlavə olaraq soyumasına imkan verir.

    Beləliklə, həm ekstremal isti günlərin sayı, həm də istilərin intensivliyi azalır.
    Alimlər müəyyən ediblər ki, sistemin effektivliyində əsas amil su çənlərinin tutumu və ya püskürdülən suyun miqdarı deyil, sistemin nə vaxt işə salınmasıdır. Çənlərin tutumunun artırılması yalnız cüzi əlavə effekt verib. Həddindən artıq suyun püskürdülməsi isə həmişə daha yaxşı nəticə verməyib, çünki suyun bir hissəsi buxarlanmağa macal tapmayıb.

    Tədqiqat müəlliflərinin sözlərinə görə, texnologiyanın səmərəliliyi xüsusilə isti illərdə daha yüksək olur. Bu səbəbdən yağış suyundan binaların soyudulması iqlim dəyişmələrinin təsirlərinə uyğunlaşma vasitələrindən birinə çevrilə bilər.

    Sistemin digər üstünlüyü isə güclü yağışlar zamanı kanalizasiya və drenaj sistemlərinə düşən yağış suyunun həcmini azaltmasıdır.

    Tədqiqatçılar hesab edirlər ki, yağış suyunun binaların soyudulmasında istifadəsi şəhərlərin iqlim dəyişmələrinin nəticələrindən qorunması və ekstremal hava şəraitinə davamlılığının artırılması üçün kompleks tədbirlərin bir hissəsi ola bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR