"Maraqlı oyun oldu. Məğlub olsaq da, sonadək inamımızı itirmədik və yaxşı mübarizə apardıq. Futbolçular getdikcə təcrübə qazanırlar".
AzadMedia.az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun ilk tur oyunundan sonra Bakıda Heydər Əliyev Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
50 yaşlı mütəxəssis ilk dəqiqələrdə böyük zərbə aldıqlarını bildirib: "Əvvəlcə qapımıza penalti təyin olundu, ardınca isə 2-ci topu buraxdıq. Buna baxmayaraq, meydanda konsentrasiyamızı qoruyub saxlaya bildik, rəqibdən çəkinmədik, onların üstünə getdik. Futbolçular böyük iş gördülər. Bu istəyi və inamı qoruya bilsək, daha yaxşı nəticələr olacaq".
O, qrup mərhələsinin II turunda Bakıda qarşılaşacaqları Fransanın "Nant" klubu haqqında da danışıb: "Bu rəqibin matçlarına baxmışam. Bir az fərqli sistemdə oynayır. Heç də asan rəqib deyil. İlk turdan göründü ki, bütün komandalar iddialıdır. Bakıda oynayacağıq. Rəqibi analiz edib, düzgün oyun qurmağa çalışacağıq. "Nant"a qalib gəlmək istəyiriksə, ilk matçdakından daha çox güc sərf etməliyik. Bəlkə də qrupun ən təhlükəli komandasıdır".
Qeyd edək ki, "Qarabağ" - "Nant" matçı sentyabrın 15-də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.