"Müasir müharibələr daha çox müasir və innovativ silahlı mübarizə metodlarının tətbiqi ilə fərqlənir".
Bu sözləri Cebhe.info-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O əlavə edib ki, biz həmin metodları Rusiya-Ukrayna müharibəsində o qədər də geniş miqyasda görmürük:
"Bu müharibədə daha çox raketlər və aviasiyanın tətbiqi həyata keçirilir. Müharibədə Rusiya tərəfi 1970-1980-ci illərin standart döyüş texnologiyalarını tətbiq edir. Amma Ukrayna isə NATO standartları ilə real vəziyyətə daha qısa müddətdə adaptasiya olunmaqla fərqlənir. İstənilən halda Rusiya-Ukrayna müharibəsi bir daha onu göstərir ki, ölkələr təhlükəsizlik məsələlərinə, o cümlədən hava hücumundan müdafiə sistemlərinin modern formalarını tətbiq etməkdən qənaət etməməlidirlər. Ukraynanın bu qədər ciddi ərazi itkilərinə məruz qalmasının əsas səbəbi daha çox hava hücumundan müdafiə sistemlərinin zəif təchizatı ilə bağlıdır".
Ekspertin sözlərinə görə, son günlərdə müharibədə Ukrayna tərəfinin təşəbbüsü ələ keçirməsinin səbəbi Qərbin verdiyi müasir silahlardır:
"Əgər bu silah sistemlərinin, o cümlədən hava hücumundan müdafiə, aviasiya və uzaqmənzilli reaktiv artilleriya sistemlərinin Ukraynaya çatdırılması davam edərsə, onların uğurları daha da artar. Yəni həmin silahlar Ukrayna cəbhəsi üçün yetərli olarsa, yaxın gələcəkdə daha çox nailiyyətlər əldə etməklə Rusiya qoşunlarının həm taktiki, həm də mənəvi-psixoloji baxımından məğlubiyyətinə nail ola bilərlər".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.