Ermənistan və ABŞ rəsmilərinin qarşılıqlı səfərlərinin artması iki ölkə arasında münasibətləri Nikol Paşinyanın son dörd illik hakimiyyəti dövründə ən yüksək həddə çatdırıb. 2018-ci ildə ABŞ-ın Soros Fondunun maliyyə və siyasi dəstəyi ilə hakimiyyətə gəlməsinə baxmayaraq, Baş nazir Paşinyan indiyə qədər Ermənistanın Qərb, Rusiya və İranla münasibətlərində balansı qoruyub saxlamağa çalışıb. Ancaq sentaybrın 13-dən Ermənistanın Azərbaycan sərhəddində törətdiyi təxribat yalnız Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş sülh prosesini pozmayıb, eyni zamanda İrəvanın xarici siyasət vektorunda da ciddi dəyişikliyə səbəb olub. Ona görə də Ermənistanla ABŞ arasında diplomatik təmasların fəal şəkildə artması rəsmi İrəvanın yolayrıcında qalması kimi qiymətləndirilir. Sentyabrın əvvəlində Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-a beş günlük rəsmi səfər edir. Rusiyanın hərbi müttəfiqi olan Ermənistan Pentaqonla əllaqələri artırmağa qərar verir. Sentyabrın 17-də Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəldi. Doğrudur, bu səfər daha çox Pelosinin noyabr ayında Konqresə keçiriləcək aralıq seçkilərdə erməni diasporunun demokratlara dəstəyini qazanmaq cəhdi kimi şərh olunmuşdu.
Lakin İrəvanda verilən mesajların analizi və Bayden administrasiyasının regiondakı preoseslərə reaksiyası Nensi Pelosinin səfərinin ABŞ-ın geosiyasi maraqlarından istisna hal kimi baş vermədiyini göstərir. Amerikalı spiker həılə İrəvanda olarkən ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinə zəng edərək sərhəddə yaranmış gərgin vəziyyəti müzakirə edir. Blinkenin Ermənistanın mövqeyindən çıxış etməsi onun sentyabrın 20-də xarici işlər nazirləri Ceyhun Bayramov və Arart Mirzoyanla keçirdiyi görüşdə səsləndirdiyi təklifdən də görünür. O, Azərbaycanı öz silahlı qüvvələrini Ermənistan ərazisindən çıxartmağa çağırmaqla faktiki olaraq, İrəvanın maraqlarını üstün tutub. Eyni zamanda, Ermənistanın xarici işlər naziri Vaşinqtonda ABŞ rəsmiləri ilə danışıqlar aparır. Sentyabrın 21-də BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşən N.Paşinyanın ABŞ-ın aparıcı siyasi dairələrində görüşlər keçirəcəyi gözlənilir. Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana hərbi dəstəkdən imtina etməsi fonunda İrəvanla Vaşinqton arasında baş verən siyasi yaxınlaşma Paşinyanın Moskva ilə yollarını ayırdığına işarədir. Rusiyanın Ermənistandakı etiraz aksiyalarından istifadə edib Paşinyanı devirmək planlarını işə salması Baş nazirin ABŞ-la bağlılığını daha da artırıb. Yalnız Nensi Pelosinin səfəri deyil, ümumiyyətlə son zamanlar rəsmi Vaşinqton Ermənistanın sorosçu hakimiyyətinə dəstəyini xeyli gücləndirib. Məqsəd isə heç də sırf Konqresə keçiriləcək seçkilərlə bağlı deyil.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan münasaibətlərinin tənzimlənməsi prosesindən kənarda qalan ABŞ Ermənistan üzərindən yenidən regional oyunçuya çevrilməyə çalışır. Azərbaycan və Ermənistan liderlərinin avqustun 31-də Brüsseldə keçirilmiş görüşündə sülh sazişinin hazırlanmasına dair əldə olunmuş razılaşmanın pozulmasında ABŞ-ın maraqlı tərəf kimi çıxış etməsi də bununla bağlıdır.
Sentyabrın 13-də hərbi təxribat və təcavüz aktının Azərbaycana qarşı yönəlməsinə baxmayaraq, Vaşinqtonun rəsmilərinin Ermənistanı işğala məruz qalan ölkə kimi təqdim etməsi əslində, bölgədə İkinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvonu dəyişməyə xidmətdir. Çünki bölgədə geosiyasi qüvvələr nisbətinin Rusiya-Türkiyə tandeminin xeyrinə dəyişməsi ABŞ-ın proseslərdən kənarda qalması ilə nəticələnib. Regionda təhlükəsizliyə nəzarəti Rusiya və Türkiyə, Azərbaycan və Ermənistan arasında danışıqlar missiyasını isə Rusiya və Avropa İttifaqı həyata keçirir. Yəni ATƏT-in Minsk Qrupunun deaktivasiya olunması ABŞ-ı regional aktor kimi təsirini aşağı salıb. Ona görə də ABŞ diplomatları vaxtaşırı “Dağlıq Qarabağ münaqişə”sinin bitmədiyinə dair açıqlamalar verməklə Minsk Qrupunun yenidən bərpasına can atır. ABŞ Cənubi Qafqazda Rusiya-Türkiyə əməkdaşlıq platformasının möhkəmlənməsini öz maraqlarına zidd hesab edir. Zəngəzur dəhlizinin açılması isə Rusiyanın və Türkiyənin Cənubi Qafqazda geostrateji mövqeyini gücləndirə bilər. Qeyd edilənlərlə əlaqədar ABŞ Minsk Qrupu vasitəsilə bölgəyə qayıtmağa çalışır. Amerikalı siyasətçilər bölgədə münaqişənin davam etməsi ilə bağlı absurd iddialar səsləndirməklə adıçəkilən formatın vasitəçilik işini yenidən bərpa etməyə əsas axtarır. ABŞ-ın Azərbaycan sərhəddində baş verən hərbi təxribatda açıq şəkildə Ermənistanı dəstəkləyən mövqe tutması da məhz bölgədə münaqişənin körüklənməsinə hesablanıb. Bu baxımdan, istər Nensi Pelosi başda olmaqla ermənipərəst konqresmenlərin İrəvana səfəri, istərsə də Dövlət katibi Blinkenin Azərbaycanın guya Ermənistana təcavüz etməsi barədə açıqlaması Paşinyanın razılaşdırılmış sülh gündəliyindən imzasını geri çəkməyə hədəflənib.
Bunun qarşılığında ABŞ Paşinyana onun hakimiyyətini Rusiyanın təzyiqlərindən qoruyacağını, danışıqlar masasında Azərbaycana və Türkiyəyə qarşı diplomatik müstəvidə dəstək verəcəyini və Qarabağ ermənilərinə siyasi status vəd edir. Ermənistanın “oyunu pozmağa” təhrik edilməsi də məhz bu pərdəarxası sövdələşmənin nəticəsidir. Entoni Blinkenin Vaşinqtonda aparılan üçtərəfli müzakirələrdən sonra “Azərbaycan Ermənistan ərazisini tərk etməlidir və diplomatlar masa arxasına əyləşməlidir” açıqlaması ABŞ-ın bölgədə geosiyasi reallığı dəyişmək cəhdini təsdiq edir. Bayden adiministrasiyası Azərbaycanı hazırkı mövqelərindən geri çəkilməyə çağırmaqla İkinci Qarabağ müharibəsindən sonra formalaşmış geopolitik konfiqurasiyanı qəbul etmədiyini və prosesə ABŞ-ın iştirakı ilə yenidən baxılmalı olduğuna işarə edir.
Ancaq Entoni Blinken Azərbaycanı Ermənistana qarşı “müdaxilə”də ittiham etməsi üçün siyasi və hüquqi arqumentə malik deyil. Çünki Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi həyata keçirilməyib. Bu mənada, “Ermənistan ərazisi” ifadəsinin özü belə, şərtidir. Ermənistanın Azərbaycan tərəfindən tanınmış suveren əraziləri yalnız iki ölkə arasında sərhədlər müəyyənləşdikdən sonra tanına bilər. Yalnız bundan sonra Azərbaycan beynəlxalq hüquqla tanıdığı sərhədləri pozarsa, ABŞ rəsmilərinin qınağı anlaşıla bilər. İstər 1918-1920-ci illərə aid Azərbaycan xalq Cümhuriyyəti zamanı tərtib olunmuş, istər 1921-ci il Qars müqaviləsinə, eləcə də Sovet dövrünə aid əksər xəritələrdə Azərbaycan ordusunun sentyabrın 13-dən sonra əks-hücum əməliyyatı zamanı yerləşdiyi mövqelərin yaylaq əraziləri kimi Azərbaycana məxsus olduğunu görmək olar.
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycanın dövlət bayrağını qaldırarkən etdiyi çıxışında delimitasiya aparılmadan tarixi Azərbaycan torpaqlarını Ermənistan ərazisi adlandırmağın həqiqətə uyğun olmadığını bildirib.
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.
Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının – Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.
Qeyd edək ki, delimitasiyadan sonra hansı ərazilərin Azərbaycana, yoxsa Ermənistana qalacağı məlum olmadığı halda, Blinkenin açıqlaması regionda münaqişənin olduğunu və burada ABŞ-ın vasitəçiliyinə ehtiyac yarandığını dünyaya göstərmək məqədi daşıyır.
Bu mesaj həm də Rusiyaya və Türkiyəyə ünvanlanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın sentyabrın 13-də Rusiyanı bölgədə gərginliyi aradan qaldırmaq üçün ikitərəfli və çoxtərəfli əməkdaşlığa dəvət etməsi Moskvanın Minsk Qrupundan kənar sülhyaratma missiyasının Vaşinqton tərəfindən tanınmadığı deməkdir. Yəni Ned Prays Rusiyaya “Bölgədə sabitlik yalnz ABŞ-la birlikdə mümkündür” ismarıcını verir. Qeyd edək ki, bunun özü də paradoksal yanaşmadır. Ukraynada müharibə başlayandan sonra ABŞ-ın Rusiya ilə bütün beynəlxalq platformalarda əməkdaşlıqdan imtina etməsi Minsk Qrupunun dağılmasına gətirib çıxarıb. Ona görə də birgə əməkdaşlıq mümkün olmadığından tərəflərin bölgədə öz üstünlüyünü təmin etmək səyi qarşıdurmaya səbəb olur. Azərbaycan sərhəddində Ermənistanın təxribatı da ABŞ-ın güclər balansını öz xeyrinə dəyişmək planının nəticəsidir.
Nensi Pelosinin “Qarabağ məsələsində Türkiyəyə qarşı mövqe tuttan dost Ermənistanın yanında yer aldğını” bəyan etməsi göstərir ki, Minsk Qrupunun həmsədri olmayan Türkiyənin regionda aktivləşməsi ABŞ üçün arzuolunmazdır.
Bütün bunlar regionda maraqlar toqquşmasının yeni müstəviyə keçdiyini deməyə əsas verir. Hazırda ABŞ-ın dövriyyəyə daxil olması gərginliyin artan xətt üzrə getməsi ilə müşahidə olunur. ABŞ bir tərəfdən Nikol Paşinyan hakimiyyətinə dəstək versə də, digər tərəfədn Zəngəzur dəhlizinin açılmaması və Qarabağ məsələsində Azərbaycanın tələblərindən yayınmaq üçün ona təzyiq edir. Həm Pelosinin İrıvana gəlişi, həm ABŞ-ın Azərbaycan-Ermənistan danışılarında vasitəçilik təşəbbüsünü ələ almaq cəhdi və Paşinyanın ABŞ-a səfəri zamanı keçirəcəyi görüşlərə Kremlin reaksiyası şübhəsiz ki, sərt olacaq. Üstəlik, Pelosinin səfəri zamanı Ermənistanın KTMT-dən çıxaması ilə bağlı qapalı müzakirələrin aparıldığına dair məlumatın ortaya çıxması bölgədə yeni geosiyasi qarşıdurmanın ola biləcəyini istisna etmir. Yəni Ukraynadan sonra Ermənistan Rusiya və ABŞ arasında gedən maraqlar toqquşmasının növbəti siyasi episentrinə çevrilir.