Bu gün Milli Məclisdə “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə müzakirələr oldu. Bildirildi ki, adıçəkilən qanun aksiz markası və məcburi nişanlama tətbiq edilməli olan mallar dövriyyəsinin tənzimlənməsi, onlara vergi nəzarətinin təmin edilməsi məqsədi ilə hazırlanıb. Layihənin qəbulu kölgə iqtisadiyyatının azaldılmasına, aksiz markaların saxtalaşdırlmasının qarşısının alınmasına və istehlakçıların hüquqlarının qorunmasına böyük təsir göstərəcək.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, gündəliyin növbəti 3 məsələsi – 8-ci, 9-cu və 10-cu məsələlər cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Spiker qeyd edib ki, bunlar Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.
Sənədləri təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirdi ki, hər üç qanun layihəsi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatına alınması, onun məhdudlaşdırılması və bu prosesdə notariat orqanlarının fəaliyyətində elektron alətlərdən istifadə olunması ilə bağlı münasibətlərin tənzimlənməsini özündə ehtiva edir. Qanun layihələrində notarius tərəfindən qeydiyyat üçün zəruri olan bütün proseduraların elektron informasiya sistemləri vasitəsi ilə "bir pəncərə" prinsipi üzrə vahid xidmət kimi təqdim olunması təsbit olunub. Mühüm yeniliklərdən biri də odur ki, “beh” anlayışına yeni tərif verilir. “Beh” anlayışının yeni tərifinin məğzi ondan ibarətdir ki, o, notariat orqanlarında qeydiyyata alınmazsa, onda onun hər hansı bir hüquqi mənası yoxdur. Bildirildi ki, layihələr haqqında birinci oxunuşda da ətraflı məlumat verilib və sənədlərə bağlı hər hansı bir dəyişiklik və təklif daxil olmayıb.
Xəlil Xəlilov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.