AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yazıçı ilə hər görüş bir tarix olur...

  • + A
  • - A
  • 24-10-2022, 22:31

    Yazıçı ilə hər görüş bir tarix olur...

    “İmza” nəşriyyatında yazıçı Nurəddin Ədiloğlunun “Qaçaq Mozu” adlı yeni romanı işıq üzü görüb. Ədəbi yaradıcılığa bir jurnalıst kimi başlayan Nurəddin Ədiloğlu hələ keçən əsrin 70-ci illərinin sonu, 80-cı illərində publisistik yazıları ilə rayon qəzetində və respublikanın müxtəlif qəzet və dərgilərində çıxış edirdi. Azərbaycan radiosunun o vaxt çox məşhur olan “Bulaq” verilişində Masallı rayonunda yaşayan ağsaqqal və ağbirçəklərin yaddaşından qələmə aldığı folklor nümunələri səsləndirilirdi. Bir nasir kimi müəllifin ilk dəfə oxucular və ədəbi ictimaiyyət tərəfindən təqdir olunması onun “Azərnur” (1994) roman-pritçası ilə bağlıdır. Yazıçının bədii yaradıcılığının ana xəttini təşkil edən milli-mənəvi dəyərlər, yurd sevgisi, el-obanın etnoqrafik yaddaşı, dini və mifoloji təsəvvürlər, zülmə, haqsızlığa qarşı mübarizə oxuculara təqdim olunan yeni romanının da başlıca mövzusudur. Məlum olduğu kimi, qaçaqlıq tarix boyu bir çox ölkələrdə cəmiyyətdən uzaqlaşdırılmış və qanuna tabe olmayan kəndli hərəkatının geniş yayılmış formalarından biri olub. Azərbaycanda da qaçaq hərəkatı müstəmləkə, feodal zülmünə, eləcə də sovet rejiminə qarşı milli-azadlıq hərəkatının bariz nümunəsidir. Ötən əsrin 30 - cu illərinin qaçaqlarının çoxu kütləvi repressiya dalğasının qurbanlarından sayılır.

    “Qaçaq Mozu” romanının da mövzusu XX əsrin otuzuncu illərindən başlayaraq doxsanıncı illərin Gəncə hadisələrinə qədər böyük bir dövrü əhatə edir. Yazıçının bu əsərini İkinci Cahan müharibəsinə kimi Azərbaycanın cənub bögəsində qacaqlıq hərakatından bəhs edən ilk romanı da adlandırmaq olar. Professor Füzuli Bayatın qeyd etdiyi kimi, öz ömrünü sovet rejiminə qarşı mübarizədə keçirən XX əsrin otuzuncu illərinin qaçaqlarının obarazlarına demək olar ki, ədəbiyyatda çox az təsadüf olunur. Zaman və məkan bir-birindən çox fərqli olsa da, “Qaçaq Mozu” əsərində canlandırılan hadisələr, tarixi simaların və sadə insanların taleləri roman içində roman kimi oxunur. Qaçaq Mozu tarixi şəxsiyyətdir və onun haqqında indi də yaşlı nəsil eşitdiklri hadisələri xatırlayırlar. Onun əfsanəvi qəhrəmanlıqları, eyni zamanda ədaləti və insani hərəkətləri haqqında çoxlu rəvayətlər dolaşmaqdadır. Əslində qaçaq düşməyə məcbur edilən Mozu o dövrdə haqq və ədalətin bərpası üçün çaba göstərmiş, lakin böyük bir imperiya cəlladlarının ordusu qarşısında heç cür istəyinə nail ola bilməmişdir. Lakin onun fəaliyyəti xalq arasında bir dastana çevrilərək ağızdan-ağıza dolaşmışdır.
    Müəllif romanda təsvir elədiyi zaman kəsiyində qaçaqlarla yanaşı ruhani, müəllim, məmur, qəzet redaktoru, xanəndə, sürgün həyatı yaşayan general, yeniyetmə uşaq, çoban və başqa insanların obrazlarını yaradıb. Ən çox maraq doğuran və əsərin dəyərini daha da artıran cəhətlərdən biri odur ki, müəllif bu romanında cənub bölgəsinin, bəzi məqamlarda Respublikanın tanınmış adamlarını xatırladır, onlardan maraqlı və yaddaqalan personajlar kimi istifadə edir. Mən belə insanların romanda surət kimi istifadə edilən və müxtəlif səviyyələrdə adı çəkilənlərin qeydiyyatını aparanda o dövrün 40-dan çox tanınmış adamının surət kimi istifadə edilməsini, ya da adının çəkilməsini gördüm. Belələrindən Masallının ilk əməkdar müəllimi Mirzə Nəziri, Ədil bəyi, Abutalıb müəllimi, o dövrün məşhur din xadimlərindən – Molla Dəyyan axund, Şeyx İbrahim, Molla Cəlal, Şeyx Bəşir, tanınmış ziyalılarından - Böyükağa Talıblı, Məmmədağa Sultan, Mir İslamı, zabit və dövlət xadimlərindən – Fətullabəy Bayraməlibəyov, Səməd bəy Mehmandarov, Teymur bəy Bayraməlibəyov, Museyib Kərimli, Samı Kəlbiyev, Hilal Şükürov, Əlövsət Baxışov, Ələsgər Qocamanov, hətta sadə və zəhmət adamlarından – dondurmaçı Həşim, Nemes Qiyas, kababçı Mürsəl, kolxozçulardan Qəhrəman Nifti oğlu, Həmid Məşədi Babaş oğlu, Ədil kişi və onlarla digər surətləri göstərə bilərik ki, onları indi də çoxları yaxşı xatırlayır. Bu cəhətdən və əksər hadisələrin həqiqiliyi baxımından yanaşanda bu romanı biz sənədli roman adlandıra bilərik. Onu da deyim ki, romanı oxuduqca təsvir olunan hadisələr və iştirakçılar haqqında o qədər təbii və inandırıcı söhbət açılır ki, özünü hadisələrin içərisində hiss edir və yaşlı adamlardan vaxtilə eşitdiklərini xatırlayaraq yazıçının bu xeyirxah əməyinin nə qədər böyük dəyərə malik olduğunu dərk edirsən.
    Əsərdəki xeyirxah, mərd və sözə-şəxsiyyətə hörmət edən əsl kişilərlə yanaşı, insanlığın düşməni olan və cəmiyyətin ziyankar üzvlərinin də obrazları maraqla işlənmişdir. Əzəli və əbədi düşmənlərimizin xəbis nümayəndəsi kimi verilən çolaq Aşot surətinin simasında erməni xisləti obrazlı şəkildə elə dəqiq ifadə edilmişdir ki, bunu yazıçının uğrlarından biri kimi qeyd etmək vacibdir. Əsərdə məlum olur ki, çolaq Aşot uşaqlığında həyətlərindəki iti əmərək qarnını doyurmuş və “İtəmən” adını almışdır. Bu hadisənin o dövrün rayon qəzetində yazılması çolaq Aşotun simasında bütün bədnam qonşuların xislətindəki nanəcibliyini, əclaflığını, qeyri-insani xarakterini ortaya qoyur.
    Ümumiyyətlə, maraqlı hadisələrlə oxucunu cəlb edən bu romanda yazıçının bir rayon miqyasında bir çox bəşəri əxlaq və insani davranışa aid mövzuları da qabartması onun bədii təfəkkürünün intellektual bəsirətindən xəbər verir. Yazıçı haqqında bu kiçik qeydlərimi bitirmək üçün Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın fikirlərindən dəyərlənmək daha doğru olar:

    “Nurəddin Ədiloğlu imzası oxuculara yaxşı tanışdır. Ola bilsin imzası, sözü özündən daha məşhurdur və mən hər kəsə məhz belə məşhurluq arzulayardım. Nurəddin müəllim kimi aydınlarımızı sakit axan çay kimi, “bəs məni kim isidəcək?” deməyən Günəş kimi öz təmənnasızlığında olan ustadların yolunda gördüm. Yolu olmayanın sabahı yoxdur. Yolu olmamaq yolsuzluqdur, dirənməkdir, tükənməkdir, bitməkdir... O yol, o dünyanın ədilliyi (adilliyi, ədaləti), Muğan genişliyini, o genişlikdəki etnoqrafik yaddaşı, tarixiliyi özündə ehtiva etdiyinə inanıram. Belə ehtiva etmələr başqalarında da müşahidə edilə bilər, təbii; təbii ki əsas olan, o genişlik, dərinlik və üfüqü yaradıcılığına yansıda bilmək, sənətin estetikası ilə başqalarına da ötürə bilməkdir. Tarixi şüuru və milli yaddaşı sabaha daşıya bilməkdir əsas qayə. Bax, Nurəddin Ədiloğlu məhz bu ictimai-mədəni platformada dayanan və əslində, dayanmayıb, çalışan, yazan-yaradan dəyərli qələm adamıdır…”

    Qeyd edim ki, müəllifin yeni kitabı 4-cü Milli Kitab, 8-ci Beynəlxalq Kitab sərgilərində nümyiş etdirilib və oktyab ayının 9-da Bakı Ekspo Mərkəzində imza günü keçirilib. Bu yaxınlarda isə “Qaçaq Mozu” romanı Masallı Mərkəzi Kitabaxanasında oxuculara təqdim olundu.

    Ümid edirik ki, müəllifin yeni romanı oxucular tərəfindən maraqla qarşılacanaq.

    Əlizaman BAXIŞ,
    Yazıçı -publisist.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR