Gülnar İSMAYILOVA
AMEA -nın Folklor İnstitutunun elmi işçisi. XX əsrin sonlarında Azərbaycanda müstəqilliyin yenidən bərpası bizim milli mənəvi, əxlaqi dəyərlərə dönüşümüzü də təmin etdi. Sovetlər dönəmində dini mövzuların (eləcə də bir çox digər milli dəyərlərin) bədii ədəbiyyata gəlişi sosializmin bətnindən doğan ateizm siyasətinin prinsiplərinə zidd idi. Ona görə də nə yazılı, nə də şifahi ədəbiyyatda dini dəyərlərin və din xadimlərinin obrazını yaratmaq məqbul hesab edilmirdi. Əgər yaradılsa da, o, həm oxucu, həm də müəllif tərəfindən mütləq şəkildə mənfi obraz kimi tənqid edilməli idi. Belə demək mümkündürsə sovetlər dönəmində din xadimləri və dini dəyərlərimiz həm folklordan, həm də yazılı ədəbiyyatdan uzaq düşmüşdü.
Çağdaş ədəbiyyatımızın əsas xüsusiyyətlərindən biri onun folklorla yanaşı addımlamasıdır. Yəni bolşevizim əsarətindən insanlar kimi, söz də, düşüncə tərzi də azad oldu. Tarixi yaşantıların ibrət dərslərindən biri bu oldu ki, ədəbiyyat gendən, şəcərədən, folklordan – xalq yaradıcılığından uzaq düşməməlidir. Hər hansı bir partiyaya və ideologiyaya və ya hakimə (Leninə, Stalinə) xidmət edən əsər bədii mündəricəsindən, sənətkarlıq baxımından hansı yüksəkliyə qalxmasından asılı olmayaraq o əsər uzunömürlülüyünü itirir. Həmin əsərlər ədəbi-tarixi fakt kimi ədəbiyyat tarixində qalsa da, müasirliyin faktoru kimi bizimlə yanaşı addımlıya bilmir. Bədii düşüncə tərzimiz o zaman modern düşüncə tərzinə çevrilir ki, orada bizi sabaha aparan folklor və yazılı ədəbiyyat vəhdətdə və iç-içə olur. Əslində Azərbaycan ədəbi düşüncəsinin əsas qaynağı folklor və yazılı ədəbiyyatdır. Fikrimizcə, folklor və yazılı ədəbiyyat münasibətləri və əlaqələri özünü dörd istiqamətdə aydın göstərə bilir.
1. Folklorun folklora – şifahi xalq ədəbiyyatına təsiri. Məsələn, “Kitabi-Dədə
Qorqud” eposunun, eləcə də “Koroğlu” dastanının özündən sonra gələn qəhrəmanlıq və ya məhəbbət dastanlarına təsiri.
2. Folklorun yazılı ədəbiyyata təsiri. Yəni folklor motiv və süjetlərinin bədii
ədəbiyyatda əksi.
3. Yazılı ədəbiyyatın folklora təsiri. Başqa sözlə desək, bədii düşüncənin xalq
ədəbiyyatına transfer olması.
4. Yazılı ədəbiyyatın özündən sonrakı yazılı ədəbiyyata təsiri. Məsələn, Nizami, Füzuli ənənələri və ya obrazları XX əsr yazılı ədəbiyyatında.
Bütün bunlar göstərir ki, Azərbaycan ədəbiyyatı (həm folklor və həm də yazılı ədəbiyyat) qarşılıqlı təsir nəticəsində meydana gəlmiş və ənənə üzərində köklənmişdir. Bu xətti müasir dövr Azərbaycan ədəbiyyatında, xüsusilə də nəsrdə (hekayədə) rahat izləmək olar. Nurəddin Ədiloğlunun hekayələrində folklor ənənələri onun yaradıcılığının ruhunu təşkil edir. Maraqlıdır ki, onun “Şah Ağacı” hekayəsində dini əfsanəvi Dədə Divin, başqa sözlə desək, bu meşədə keçmişdən yadigar qalan sonuncu divin taleyi ön plana çəkilir.
“Qoca Divin qarnı bərk ağrıyırdı. Ağrının şiddətindən zar-zar zarıyan bu əfsanəvi məxluqun yupyumru iri qara gözləri çuxura düşmüşdü. Yay gələndən bəri dilinə heç nə vura bilmirdi. Mağarasından çıxıb qida axtarmağa halı-həvəsi də qalmamışdı. Naz-nemətləri min bir dərdə dərman olan meşədə dövran da o dövran deyildi: buradakı yeməli şeylərin dadı, tamı dəyişmişdi: -İlahi, axı niyə yeddidən yetmişəcən hər şey belə tez zay oldu? Nə yeyirəm qarnım ağrıyır, hara baxıram ürəyim bulanır...- Div ağrı-acı içində dərindən köks ötürdü. Mağaradakı qaranlıq onun ürəyini sıxırdı, yatağından qalxıb, divardan tuta-tuta bayıra cıxdı. Qədim mağaranın yaxınlığından keçən dağ çayının yatağında daşlar susuzluqdan ölmüş heyvan cəsədlərinin dişləri kimi ağarırdı”
Divin ac qalması yalnız yemək tapa bilməməsi ilə əlaqəli deyildi. Daha çox qarnının bərk ağrıması ilə bağlı idi. Ağrıya səbəb isə dəyişən siyasi və ekaloji mühit idi. Divin minillər öncə ulu babasından qalma mağaranın əlindən getmək təhlükəsi ilə bağlı idi. Meşədə çay kənarında yaşıllıqların içərisində olan bu mağara (Divin evi), eləcə də Divin Vətəni (meşə) təhlükə altında idi. Artıq nə div, nə pələng və nə də şir meşəni qorumaq iqtidarında deyildi. Harmoniya pozulmuşdu. Div də, şir də öz yerini parazit qurd və həşəratlara vermişdi. Vətəninin (meşənin) yağmalandığını (meşədəki ağacların kəsildiyini) görən div qıvrıla-qıvrıla gəlib ulu əcdadından miras qalan mağaranın qabağında - başı təzə kəsilmiş enli nil kötüyünün üstündə oturur. Mağaranın ətrafında baltalanmış zeytunun, yemişanın,kötükləri şəhid ağacların baş daşına oxşayırdı... “Bu kəshakəs, bu qırhaqır, bu qovhaqov nə vaxt qurtaracaq, İlahi? – Div fəryad edərək başını tutub, dərin fikrə getdi... O qərara gəlir ki, Şah Ağacla söhbət edib vəziyyəti ona anlatsın…”
Meşədə tarixə şahidlik edən elə köklü ağacları (palıdı, çinarı) məhv etmişdilər ki, artıq onu qorumağa Şah Ağacın da gücü çatmırdı. Çünki yadelli qüvvələr, onu elə dövrəyə almışdılar ki, köklü ağacların fəryadı Şah Ağaca gedib çıxmırdı. Şah Ağacın özü də meşə hamisi olmaq funksiyasını demək olar ki, itirmişdi. Meşədə ağaclar susuz qaldığından Su Tanrısını - Su Pərisini axtarsalar da onu da tapa bilmirdilər. Meşədəki bu vəziyyət Dədə Divi çox narahat edir və dərdini Şah Ağaca demək istəyirdi. Amma bu istək idi. Dədə Divin Şah Ağacla görüşmək cəhdi də baştutmur. Parazitlər Şah Ağacı elə əhatəyə almışdılar ki, divin naləsi və nərəsi Şah Ağaca çatmadı. Şah Ağacı əhatəsinə alan qüvvələr Divə elə işgəncələr verirlər ki, o, ağrılara tab gətirmir və gedib intihar edir. Yadelli qüvvələrin məqsədi yalnız, keçmişdən yadigar qalan yeganə divi aradan götürmək deyildi. Əsas məqsəd divi aradan götürməklə meşədəki pələngin və şirin gözünün odunu almaq, müəllifin təbirincə desək onları quzuya çevirmək idi. Yalnız əsərdəki Dədə Div, Su Pərisi, Ağac və s. obrazlar onu folklorla bağlamır. Əsərin sujeti də, məzmunu da, dili də, ruhu da folklordan, xalq yaradıcılığından gəlir. Əsərin əsas qəhrəmanı olan və yadellilərin tapdağı altında qalan Meşə (Vətən) dar ayaqda mütərəqqi qüvvələrin həmrəyliyi nəticəsində azad ola bilər.
Dədə Div də ona görə intihar edir ki, o təkliyin, tənhalığın faciyəsini yaşayır. Elə bir vəziyyət yaranır ki, o nəinki, meşəni (Vətəni), heç Mağarasını (evini) da xilas etməyə qadir deyil. Elə ona görə də intihar edir.
Maraqlıdır ki, N.Ədiloğlunun folklordan gələn qəhrəmanları hazır obraz kimi əsərə daxil edilmir. Məsələlərə yaradıcı yanaşan müəllif folklor qəhrəmanına da yaradıcı yanaşır. Məlumdur ki, nağıllarda divlər evini, mağarasını tərk edir, lakin intihar etmir. Yazılı ədəbiyyatdan, yazıçı təxəyülündən qaynaqlanan divin intiharı, əslində divin yadellilərdən intiqamı idi. Divlərin son nümayəndəsi olan bu məxluq da ulu babaları kimi mərd, mübariz olmağa, heç bir qüvvəyə boyun əyməməyə, bir sözlə, div kimi yaşamağa və div kimi ölməyə üstünlük verir.
Diqqətlə fikir versək görərik ki, “türk xalqlarının şifahi mədəniyyətində, eləcə də hind-avropa xalqlarının inancları sistemində geniş yayılan, sehrli nağıllardaüçbaşlı, yeddibaşlı, qırxbaşlı nəhəng kimi təsvir olunan əsatiri surətlərdən biri” olan həm mənfi, həm də müsbət planda verilən divə münasibət burada tamamilə başqadı. Burada div vətən dərdi, el qəmi çəkən müsbət obrazdır. O, Şah Ağacın da halına yanır. Çünki mövcud şərait Şah Ağacını idarə edən hakimdən idarə olunan varlığa çevrmişdi. Ona yaltaqlanan qüvvələr ona meşədəki vəziyyəti görməyə və edarə etməyə imkan vermirdi.
Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev haqlı olaraq göstərir ki, “Yazılı ədəbiyyatın folklorla əlaqəsi sənətkarın dünyagörüşündən, həyat hadisələrinə və daha çox xalqa bağlılığından asılıdır. Yazıçı və folklor əlaqələri təbiiliyə əsaslanmalıdır. Yazıçının folklordan istifadəsi heç vaxt məqsədli xarakter daşımamalıdır. Müəllif xalq yaradıcılığı nümunələrinə folklordan istifadə etmək naminə yanaşarsa, bu, poetika baxımından bədii mətnin zərərinədir və həmişə sünilik effekti yaradar”
Nurəddin Ədiloğlunun əsərlərində Kamran müəllimin dediyi xüsusiyyətlərin demək olar ki, hamısını görmək olar. O, folklora dərindən bələd olduğundan, folklor yazıçının əsərlərində yamaq kimi görünmür, əksinə əsərin bir tərkib hissəsi kimi çıxış edir. Məsələn, Nurəddin Ədiloğlunun "Daş" hekayəsi həm forma və həm də məzmun etibarı ilə “Molla Nəsirəddin”lətifələrindən gəlir.
Arvad kişiyə dedi:
- Haranın daşını başına salırsan sal, amma evə çörək gətir.
Kişi məscidə gəldi. Dizini yerə atıb üzünü göyə tutdu:
- Allah, əl məndən, ətək səndən, ya başıma daş sal, ya da bir parça çörək ver,
aparım evə.
Bu zaman başına bir kərpic düşdü.
- Bir aydı çörək istəyirəm, vermirsən, bir dəfə daş istədim, nə tez verdin.
Gedəndə ayağı döşəməyə ilişdi, üzüqoylu yerə yıxıldı.
Bu dəfə hündürdən:
- Əşi, itələmə, gedirəm də!
Göründüyü kimi, bu kiçik hekayə başdan-başa xalq yaradıcılığındanqaynaqlanır. Daha doğrusu, bu ədəbi örnək elə folklorun özüdür. Bu əsərdə (“Daş” hekayəsində) folklora bağlılıq o qədər təbii və inandırıcıdır ki, hekayədən müəllifin (Nurəddin Ədiloğlunun) adını çıxarsaq həmin əsərin şifahi xalq ədəbiyyatının məhsulu olduğuna kimsədə şübhə yeri qalmaz. Hətta çoxları buna janr etibarı ilə də hekayə deyil, lətifə kimi baxar. Ona görə də, “Daş” hekayəsində şifahi xalq ədəbiyyatının hər hansı bir elementini, süjet xəttini, folklor motivini və ya folklore obrazını axtarmaq yanlışlıq olar. Xalq gülüşü, xalq yumoru, xalq dili və xalq üslubu ilə zəngin olan bu əsər təpədən dırnağa folklordur.
Yazıçı-publisist Nurəddin Ədiloğlunun folklordan uğurla qaynaqlandığı başqa bir hekayəsinə “Nuhun günahı”na müraciət edək. Bu hekayədə müəllifin özünəməxsusluğunu şərtləndirən başqa bir cəhət də diqqətdən yayınmır və üzə çıxır. Belə ki, xalq düşüncə tərzindən qaynaqlanan müəllif xalqın yaşam tərzi olan dini dəyərləri də folklorun bir qatı, bir layı kimi təqdim edir. Yəni xalqın istək və arzularının ifadəsi olan dini dəyərlərlə folklorun vəhdətdə (və həm də uğurla) verilməsi olduqca maraqlı və təbiidir. Folklor bədii əsərə bütün tərəf və cəhətləri ilə daxil olanda həm əsər, həm müəllif, həm də oxucu udur. Əslində bu tipli əsərlər insana tarixi köklərini, milli kimliyini, bir sözlə, özünü öyrədir və tanıdır. İnsan özünü tanıyanda, özünü dərk edəndə milli kimliyini, elini, obasını, xalqını və millətini də tanıyır. Milli şüur da məhz bu zaman, özünü dərk prosesi gedəndə formalaşır.
“Nuhun günahı” hekayəsinin qəhrəmanı Nuh peyğəmbərin günahı nə idi? Olduqca maraqlı və mifoloji ənənələr üzərində qurulmuş Nurəddin Ədiloğlunun "Nuhun günahı" hekayə-pritçası "Azərnur"(«Qanlı Ocaq») romanının tərkib hissəsidir. Yəni bu hekayədəki hadisələr kiçik dəyişikliklərlə romanda da öz əksini tapmışdır. "Nuh peyğəmbər ömrünün doqquz yüz qırx doqquzuncu baharına yenicə qədəm qoymuşdu. Bir gün Allahdan ona vəhy gəldi: "Ya Nuh, ömrünün uzunluğu və əcəlin mənim müəyyən etdiyim vaxtdır. Öz zürriyyətindən dünyaya gələn imanlı övladlarınla halallaşmaq üçün sənə bir il möhlət verirəm. Öyrənmək istədiyin sirri-Xudadan bu zaman agah olacaqsan". Nuh peyğəmbəri də düşündürən bu sirri-Xuda məsələsi idi. Ona görə də peyğəmbər ayağına tumacdan tikilmiş yüngül çarıq geydi və əlinə qartal başlı əsasını götürüb illər öncə dağın ətəyində lövbər saldığı gəmisinin ətrafında yaşayan eli-obanı dolaşmağa, doğmaları ilə halallaşmağa başladı. Nuh peyğəmbər əvvəlcə Sam, Ham və Yafəs adlı oğanlarından törəyən nəvə nəticələri ilə görüşüb hal-əhval tutur. Lakin Nuh peyğəmbəri düşündürən ciddi bir məsələ də vardı. O Yeganə qızı olan Vəjilədən olan nəvənəticələrini necə tanıyacaq? Həqiqətən bu olduqca ciddi bir sual idi. Və bizə elə gəlir ki, Nuhun günahının açarı da burada Vəjilə ilə bağlı olayda idi. Bu hislər içərisində Nuh peyğəmbər el-el, oba-oba gəzərək Vəjilənin törəməsini axtarırdı. Nuh hər yerdə rəğbətlə qarşılansa da, bəzi yerlərdə bunun tərsini görür. Hətta Çuxurobada onu dərviş adlandırıb daşa basmaq istəyirlər. N.Ədiloğlu göstərir ki, “belə sual və düşüncələr qoynunda Nuh peyğəmbər az getdi, üz getdi, nəhayət, gəlib dağın gündoğan səmtinə çıxdı. Burada bir-biri ilə ucadan höcətləşən iki çobana tuş gəldi. Çobanların biri otlaqda qara, o biri isə ağ qoyun sürüsü otarırdı. Çiyninə qara saçaqlı qara yapınçı salmış qaraca çoban üzünü ağ yapıncılı ağca çobana tutub deyirdi:
-Nə hərzə-mərzə söylənirsən, çoban oğlu, çoban! Sənə dedim ki, Nuh əleyhissalamın yeganə qızı Vəjilə bizim tayfanın ulu nənəsi sayılır. Allahın izni ilə Nuh peyğəmbər öz qızını gəmisini düzəldən Dülgər babamıza ərə verib. Vəjilə nənəmiz boz qurd kimi igid ərənlər doğub. Biz də həmin ərən babaların nəvələriyik.Sən heyvərə isə dədəni-babanı kimin doğduğundan bixəbərsən!.. Odur ki, gördüyün o dağ da, bu gömgöy otlaqlar da, o yaşıl meşə də, göz yaşı kimi dupduru bu göycə göl də fələk oğlu Boz qurd babamızdan bizə miras qalıb!”
Bütün bu olaylara şahidlik edən peyğəmbər belə bir hadisəni xatırlayır. Xatırlayır ki, yer üzünü su basarkən Nuh peyğəmbər gəmi düzəltdirərək Allaha iman gətirənləri oraya toplayır və bir çox heyvanlarla birlikdə onları xilas edir. Tufandan xilas edilənlərin hamısı Allaha inanan və ona iman gətirənlər idi. Bəs bu imansızlar hardan peyda oldu. Nuh peyğəmbər qaraca və ağca çobanın yuxarıdakı söhbətlərini dinlədikdən sonra bu suala da aydınlıq gəlir. Məlum olur ki, o, gəmini üç dülgərə düzətdirmiş və vəd vermişdi ki, gəmi hazır olduqdan sonra dülgərlər nə istəsələr onu da əldə edəcəklər. Tufandan sonra dülgərlər Nuh peyğəmbərə vədini xatırladırlar. Nuh peyğəmbər bildirir ki, nə istədiklərini desinlər. Dülgərlərin hər üçü qızım Vəjiləni istəyirdi. Bir qızın üç dülgərə verilməsinin qeyri-mümkün idi. “Elə bu vaxt Allah Cəbrayılı yanıma göndərdi, mənə bir eşşək və bir it alıb, qızım Vəjilə ilə bir otağa salmağı əmr etdi. Allahın əmrini yerinə yetirdim. Bir müddət sonra otağın qapısını açanda orada biri-birinə bənzəyən üç qız gördüm”
Beləliklə də dülgərlərin hər üçü Vəjiləyə (peyğəmbərdən, itdən və eşşəkdən törəyən) sahib ola bilir. İtdən və eşşəkdən törəyənlər üzdə Allaha inandıqlarını bildirsələr də əməldə bunun əksini edirlər. Kim bilir, bəlkə də “sümüyümü it sümüyünə calama” ifadəsi də buradan qaynaqlanır.
Tanınmış alim Vaqif Yusifli "Yaralı Qu quşları" adlı məqaləsində Nurəddin Ədiloğlunun "Nuhun günahı" hekayə-pritçası barədə yazır: “...Nuh peyğəmbər yolunu azmışlara Allahın var olduğunu xatırladır. Əlbəttə, məlum rəvayəti N. Ədiloğlu müasirləşdirmək fikrinə düşmür, sadəcə, dünyada insanlığın mənəvi meyarlara, halallığa üz çevirdiyinin faciələrə gətirib çıxaracağına işarə edir.
Hekayədən belə bir qənaətə gəlmək olar ki, Nuh peyğəmbər gəmisinə doldurduğu adamlarla təkcə insanları xilas etmirdi, həm də dünyanın sonunu hazırlayırdı. Çünki tufandan yalnız peyğəmbər nəslindən olanlar qurtarsa da, tufandan sonrakı dövrdə peyğəmbər halallığına qatılan haram da hekayədə bədii dillə təsvir edilir. Mifoloji əfsanələr əsasında qurulmuş bu hekayə dünyanın nizamının əyildiyi, xaosun (terror və müharibələrin, kataklizm və korona virusların) artdığı bir zamanda olduqca aktualdır.