AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“FOHOW – Azərbaycan”ı İran İslam Respublikasına hansı tellər bağlayır?

  • + A
  • - A
  • 10-11-2022, 21:30

    “FOHOW – Azərbaycan”ı İran İslam Respublikasına hansı tellər bağlayır?


    Məlumdur ki, əsası 1999-cu ildə Çin Xalq Respublikasında qoyulan “FOHOW” Beynəlxalq Korporasiyasının nümayəndəliyi 8(səkkiz) ildir ki, Azərbaycanda fəaliyyət göstərir və bu Korporasiya əsas etibarilə insan orqanizminin immun sistemini gücləndirdiyi iddia olunan qida əlavələrinin satışı ilə məşğul olur. Son vaxtlar müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının iflasa uğrayıb bağlanacağı barədə müəyyən söz-söhbətlər dolaşır. Bu həm Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışan vətəndaşları, həm də bütövlükdə istehlakçıları narahat etməkdədir. Bundan əlavə, bəzi media qurumlarında bu şirkətin fəaliyyətində Azərbaycan qanunvericiliyinə zidd addımların atılması barədə də müəyyən məlumatlar tirajlanmaqdadır. Məsələn, yayılan məlumatlarda qeyd olunur ki, “FOHOW” Beynəlxalq Korporasiyasının rəhbərliyi Azərbaycanda fəaliyyət göstərən 14 nümayəndəlikdə çalışan şəxsləri işə götürərkən tərəflər arasında heç bir əmək müqaviləsi sənədi bağlanmır, nümayəndəliklərə satış məqsədilə məhsullar verilir, amma bunun qarşılığında həyata keçirilən nəğd ödənişlərlə bağlı çek verilmir. Hətta, bu şirkətin nəzdindəki ofislər fəaliyyət göstərdikləri ünvanların sahibləri ilə də icarə müqaviləsi bağlamırlar. Məsələn, Korporasiyanın baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev-57/59 ünvanında yerləşir və həmin ünvanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olan Tamerlan müəllimə məxsus olduğu bildirilir. Söylənilənlərə görə, bu iki tərəf arasında heç bir icarə müqaviləsi sənədi imzalanmayıb. Faktdır ki, tərəflər arasında icarə müqaviləsi sənədinin imzalanmaması həm qanundankənar addımdır, həm də bu zaman vergi cinayətlərinə qol qoyulur, əmək intizamının tələbləri pozulur və digər qanunsuzluqlara yol verilir. Media üzərindən apardığımız araşdırmalardan sonra, bu yöndə daxil olan məlumatları əsas tutub 04 oktyabr 2022-ci il tarixdə “FOHOW” Beynəlxalq Korporasiyasının baş ofisində olduq. Məqsədimiz nümayəndəliyin direktoru Nurlan müəllimlə görüşmək və adı çəkilən bu şəxsdən yayılan məlumatlarla bağlı bəzi mətləblərə aydınlıq gətirməsini xahiş etmək idi. Təəssüflər olsun ki, bu şəxsi iş yerində tapa bilmədiyimizdən, biz bu yöndə məqsədimizə nail ola bilmədik. Amma, Korporasiyanın digər əməkdaşı Yaşar müəllimlə görüşümüz baş tutsa da, o, ona ünvanlayacağımız suallara cavab vermək səlahiyyətinə malik olmadığını dilə gətirdi. Yəni, bu şəxs


    “Mən şirkətdə yalnız ingilis-dili dərsi tədris edirəm” deyib, məhz mətləbdən yayınmağı bacardı. Amma, bir neçə gün bundan öncə Yaşar müəllimin də çalışdığı ofisdən (foto-şəkillər də daxil olmaqla) yayımlanan paylaşımdan, verilən açıqlamadan görünür ki, bu şəxs çalışdığı ofisdə sadəcə olaraq ingilis-dili müəllimi deyil, əsas söz sahibi olan şəxslərdən biridir. Demək, Yaşar müəllimin düşüncəsi və şəxsi yanaşması çalışdığı şirkətdə qol qoyulan qanunsuzluqlara uyğun formalaşıb ki, o, yaşının belə bir çağında yalan danışmağı özünə rəva bilir.
    Bütün bunlardan əlavə, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı, bu gün də bəzi çevrələrdə başqa-başqa məlumatlar yayılmaqda davam edir. Yəni, yayılan məlumatlarda bildirilir ki, xeyli müddət bundan öncə bu şirkətdə çalışan iki nəfər xanım İran İslam Respublikasının (İİR-nin) Qum şəhərinə dini təhsil almağa göndərilir. Hətta, göndərilən xanımlardan birinin həyat yoldaşı da, məhz bu şəhərdə dini təhsil almağa cəlb olunur. Yayılan başqa bir məlumatda isə qeyd olunur ki, bu Korporasiyada çalışan rəhbər şəxslərdən bir neçəsi müəyyən məqsədlərini həyata keçirmək istəyi ilə, İİR-da vəzifə sahibi olan bəzi şəxslərlə razılaşma əldə etsələr də, az sonra onların belə bir planı baş tutmur. O halda İİR tərəfindən bu şirkətə qarşı külli miqdarda kompensasiya ödənilməsi tələbi irəli sürülür. Belə bir addımların atılması “FOHOW” Beynəlxalq Korporasiyası ilə İİR arasında hansısa formada əməkdaşlığın olmasını ehtimal etməyə əsas verir. Qeyd edək ki, bu gün Korporasiyanın Azərbaycandakı şəbəkəsini Quan adlı şəxs idarə edir. Söylənilənlərə görə, bu şəxsin Lyu adlı həyat yoldaşına verilmiş oturumun müddəti ötən il başa çatıb. Buna baxmayaraq, adı çəkilən bu xanımın hələ də Bakı şəhərində olduğu və onun təsadüfi hallarda yaşadığı mənzildən bayıra çıxdığı bildirilir.
    Dolaşan başqa bir söz-söhbətlərə görə, bu günlərdə şirkətin əsas rəhbəri Yu Pey Bakı şəhərində olduğundan, Korporasiyasının ölkəmizdəki nümayəndəliklərində çalışan rəhbər şəxslər arasında intensiv görüşlər təşkil olunur. Keçirilən belə bir görüşlərin nəticəsi olaraq 09 noyabr 2022-ci il tarixdə, saat təqribən 13-14 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki hotellərdən (hotel təbliğ olunmasın deyə adını çəkmirik) birinin iclas zalında, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsində çalışanların tədbiri keçirilir. Bu haqda redaksiyamıza məlumat daxil olduqdan sonra, bir neçə media qurumunun əməkdaşı ilə həmin hoteldə olduq. Məqsədimiz bu şəbəkənin ölkəmizə gətirilməsində xüsusi rolunun olduğu söylənilən Yaşar müəllimə əmək müqavilələri və vergi ödənişləri, həmçinin bu Korporasiyanın İİR-da qurmaq istədiyi işlərlə bağlı bir neçə sual verib cavab əldə etmək istəsək də, məhz bu dəfə də istəyimiz elə istək olaraq qaldı. Çünki, Yaşar müəllim “Mən tədbirdəyəm, hələ ki, vaxtım yoxdur” deyib, yenə də mətləbdən yayınmağı bacardı. Onu da bildirək ki, əvvəlcə “Mən bu şirkətdə ingilis-dili tədris edirəm, başqa heç bir səlahiyyətim yoxdur” deyən bu şəxs, məhz sonrakı cavabı ilə özünün səlahiyət sahibi olduğunu sübuta yetirdi. Demək, bu Korporasiyanın Azərbaycandakı şəbəkəsinin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı yayılan məlumatlar getdikcə özünü doğrultmaqdadır.
    Diqqəti bir məqama da yönəldək ki, bu Korporasiyada çalışan xanımların tam əksəriyyəti başıörtüklü qadınlardır və müəyyən çevrələrdə “FOHOW” Beynəlxalq Korporasiyasının Azərbaycandakı şəbəkəsinin fəaliyyəti ilə bağlı məlumatlar daha geniş çevrələrdə yayıldıqca, hər kəsin bu şirkətə qarşı olan şübhələri getdikcə artır. Düşünürük ki, yazıda qeyd olunanlar aidiyyatı dövlət orqanlarının diqqətini cəlb edəcək və bu şirkətin fəaliyyəti birbaşa nəzarətə götürüləcək. Yəqin ki, o halda şirkətdaxili ab-hava, həyata keçirilən idarəçilik, göstərilən münasibət və s. kimi bir çox məsələlər öz həllini tapacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
    Mövzu diqqətimizdədir.

    P.S. Yaxın vaxtlarda bu şirkətlə bağlı bir çox sensasion məlumatları, ələlxüsus vergidən yayınma hallarının necə həyata keçirilməsi yöndə atılan addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR