AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması: İrəvanın qara günləri qabaqdadır - ŞƏRH

  • + A
  • - A
  • 26-11-2022, 12:44

    Zəngəzur dəhlizi məsələsində Azərbaycan-Rusiya razılaşması: İrəvanın qara günləri qabaqdadır - ŞƏRH


    Azərbaycanla Rusiya arasında Qarabağ mövzusunda tənzimləmələrə dair fikir ayrılıqları və hərbi-siyasi gərginlik mövcud olsa da, bu, iki ölkənin perspektivdə gizlənən strateji maraqlarına zərbə vurmayıb.

    Bakı Rusiyanın postsovet məkanı üzərində artan təzyiqlərini nəzərə alaraq Ankara ilə əlaqələrini gücləndirmək üçün ciddi addımlar atır və bununla da qılınclara qarşı müştərək qalxan düzəldir.

    Rusiyanın da Azərbaycana qarşı hədə tonunu yumşaltması üçün səbəbləri var, birincisi, Moskva Türkiyə ilə qurduğu əməkdaşlıq lövhəsini dağıtmaq istəmir, ikincisi, Kreml Qərbin ona qarşı cəbhəsini genişləndirdiyindən gücünün tükənə biləcəyindən çəkinir və olan-qalan təsir rıçaqlarının əlindən çıxacağını düşünür.

    Kreml hiyləgər davranaraq qlobal orbitdə sıxışdırılmasının qarşısını almaqdan ötrü Cənubi Qafqaz regionunda Türkiyə və Azərbaycanla əməkdaşlıq xəttini gücləndirir.

    Ancaq Bakı-Ankara ikilisi Moskvanın gələcək planlarının dünyaya gətirəcəyi risklərdən xəbərsiz deyil. Üçtərəfli əməkdaşlıq platformasında Bakı-Ankara tendeminin Moskva ilə ziddiyyətli baxışları mübahisələrin dərinləşməsini deyil, qızıl ortanın tapılmasını zəruri edir.

    Bununla belə, Bakı Kremlin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində mandatının uzadılması üçün bəhanələr axtardığının fərqindədir.

    Moskva sülhməramlıların funksiyasını uzunmüddətli etməklə Qarabağdakı erməni kartına sərmayə qoyur və mübahisəli məsələlərə qarışması üçün barmaq yeri saxlamağa çalışır.

    Azərbaycan isə sülhməramlıların xidməti üçün nəzərdə tutulan beş ilin tamamında onların regiondan çıxarılmasında israrlıdır və Moskvanın erməni kartı ilə uzunmüddətli strategiya ortaya qoymaması üçün əlavə tədbirlər görür.

    Azərbaycanla Rusiyanın bu məsələdə sözləri çəp gəlir, amma Bakının Ermənistanla sərhədlərinə dair yanaşmadan tutmuş, energetika sahəsindəki bir sıra layihələrə qədər Moskva ilə dərinləşən strateji əməkdaşlığı var.

    Azərbaycanla Türkiyə Moskvanın Gürcüstana müdaxilə etmək planından ehtiyat edir və əməkdaşlığın sxemini elə cızırlar ki, Tbilisi Kremlin nəzərində düşmən gözündə olmasın.

    İkitərəfli və regional münasibətlərdə mübahisəli məsələlər həllini tapmayıb, bununla belə, ən azından onun tərəflərin maraqlarına cavab verən formulla nəticələnməsi üçün dialoqlar gedir.

    Azərbaycan və Rusiya dil tapılmayan tematikalara görə gələcək üçün planlarından qalmalı deyillər. İlkin mərhələ üzrə Azərbaycanla Rusiya Zəngəzur dəhlizi məsələsində çəkici eyni nöqtəyə döyürlər, ikinci mərhələdə isə bunu Ermənistanı maksimal cəzalandıran mexanizmə çevirirlər.

    Təsadüfi deyil ki, Bakı üçün sərhədlərin delimitasiyasına dair məqbul xəritələrdən biri də Rusiya Baş Qərargahının arxivlərindədir, demək ki, “toz basmış” həmin sənədlər Bakı-Moskva xəttində İrəvana münasibətdə vahid yanaşmanın açarıdır.

    Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Bakı ilə Kremlin Zəngəzur dəhlizinə dair danışıqlarının bəzi motivlərini ortaya qoyub.

    Əliyevin “Biz faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələrimizi Ermənistanla deyil, Rusiya ilə aparırıq. Çünki Ermənistan asılı ölkədir. Onun müstəqilliyi çox simvolikdir. Ona görə də biz onlarla danışıqlar apararaq vaxt itirmək istəmirik, Rusiya ilə danışıqlar aparırıq” deməsi bir çox mətləbi açır.

    Birinci: Azərbaycan, Türkiyə və Rusiya Zəngəzur dəhlizi layihəsində maraqlarını elə səviyyədə uzlaşdırırlar ki, Ermənistandakı nüfuz dairəsində Bakı ilə Ankara da pay alsın.

    İkinci: Ermənistanın müstəqilliyinin simvolik olması bir fikir deyil, bu, faktdır və bu faktın hüquqiləşməsi üçün Moskvanın planları mövcuddur.

    Azərbaycan Ermənistanda baş qaldıran revanşizm və İrəvanın sülh danışıqlarında sərgilədiyi qeyri-müəyyən mövqe səbəbilə hərb gündəliyini praktiki olaraq təzələmək məcburiyyətindədir ki, Moskva bunu zərərli bir addım kimi görmür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR