“Türk Dövlətləri Təşkilatı (TDT) Şuşa şəhərinin türk dünyasının mədəniyyət mərkəzi kimi tanıdılması üçün gələn il üzv ölkələrin müvafiq qurumları ilə birgə irimiqyaslı tədbirlər keçirəcək, layihələr reallaşdıracaq”.
Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında TDT-nin yeni Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.
Onun sözlərinə görə, bu fəaliyyətlər xüsusilə Şuşanın, Qarabağın və bütövlükdə Azərbaycanın beynəlxalq aləmdə daha geniş şəkildə tanınması üçün əlavə mexanizm rolunu oynaması üçün nəzərdə tutulub.
Baş katib həmçinin deyib ki, indiki geosiyasi mühitdə türk dövlətlərinin birliyi vacib əhəmiyyət daşıyır:
“Çünki xalqlarımızı ortaq keçmiş, mədəniyyət, dil və din birləşdirir. Bu da bizə çox böyük güc verir. Hazırda TDT-ni formalaşdıran dövlətlərin bir-biri ilə heç bir siyasi fikir ayrılığı yoxdur. Dünyada və regionumuzda baş verən proses və hadisələrə yanaşmalarında yaxınlıq bizi daha da gücləndirir. Müasir dövrdə birjadankənar ticarətin əsas məqsədi iqtisadi diplomatiyanı inkişaf etdirmək və genişləndirmək olduğundan bu mövzu da olduqca aktualdır və daim diqqət mərkəzimizdədir”.
K.Ömüralıyev qurumun yeni rəhbəri kimi əsas vəzifəsinin üzv ölkələrin dövlət başçılarının qəbul etdiyi qərarların yerinə yetirilməsini təmin etmək olduğunu da vurğulayıb:
“Artıq TDT-nin Səmərqənddə keçirilmiş sammitində əldə edilmiş razılaşmaların icrası üçün strategiyanın hazırlanması üzərində işləyirik. Eyni zamanda, nəqliyyat, logistika, gömrük kimi sahələrdə də əldə edilmiş razılaşmaların fəaliyyət sferasını genişləndirəcəyik”.
Qeyd edək ki, bu il noyabrın 11-də Özbəkistanın Səmərqənddə şəhərində TDT-yə üzv ölkələrin dövlət başçılarının IX Zirvə görüşü keçirilib. Toplantıda Qırğız Respublikasının nümayəndəsi Kubanıçbek Ömüraliyev TDT-nin yeni Baş katibi təyin olunub. Qurumun keçmiş Baş katibi Bağdad Amreyev isə yeni yaradılan Türk İnvestisiya Fonduna sədr təyin edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.