Şəmkir rayonunun sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
AzadMedia.az apa-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi keçirilən prosesdə ittiham aktının elanı başa çatıb.
Alimpaşa Məmmədov ittiham aktında əks olunan epizodların əksəriyyətini qəbul edib.
Sabiq icra başçısı bugünkü iclasda da mənimsəmə və rüşvət alma yolu ilə əldə edilmiş vəsaitlərin rayonda aparılan işlər üçün xərcləndiyini deyib.
Qeyd olunub ki, növbəti iclasda iş üzrə adı keçən şahidlərin dindirilməsinə başlanacaq.
İttihama görə, Alimpaşa Məmmədov şahid qismində tanınan şəxslərin əksəriyyətindən xidməti otağında rüşvət alıb. Bundan başqa, istintaq dövründə ifadə verən bir neçə kəndin icra nümayəndəsinin dediyinə görə, Alimpaşa Məmmədova məxsus fermadakı marallara onlar baxıblar. Alimpaşa Məmmədov maralların yemini icra nümayəndələrinə aldırıb.
Proses dekabrın 15-də davam etdiriləcək.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.