Azadmedia.az - Azərbaycanda Psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində növbəti təlimlərə başlanılıb.
ABŞ-da təsis edilmiş
“For Azerbaijan” Beynəlxalq Xeyriyyə Təşkilatının şəhid ailələrinin üzvləri və qazilərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirdiyi layihələr davam edir.
Ölkəmizdə müharibə iştirakçılarının, şəhid ailə üzvləri və qazilərin psixoloji reabilitasiyası istiqamətində dünyanın ən qabaqcıl təcrübəsini öyrənmək, bu sahədə mötəbər qurumlarla əməkdaşlıq qurmaqla dövlətimizin bu istiqamətdə gördüyü işlərə yaxından dəstək vermək, yerli mütəxəssislər hazırlamaq məqsədilə ötən ilin may ayından həyata keçirilən “Azərbaycanda Psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsi çərçivəsində 2-ci müalicə növünün təlim proqramına start verilib.
PAŞA sığortanın dəstəyi ilə reallaşan uzunmüddətli layihənin məqsədi şəhid və qazi ailə üzvlərinin emosional və psixoloji reabilitasiyasını təmin edə biləcək beynəlxalq sertifikatlı yerli mütəxəssislərin hazırlanması, gələcəkdə bu istiqamətdə peşəkar təcrübənin artırılmasıdır. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Dövlət Tibbi Sosial Ekspertiza Reabilitasiya Agentliyi, Sosial Xidmətlər Agentliyinın nəzdində respublikamızın müxtəlif bölgələrində fəaliyyəliyyət göstərən tibb müəssisələrinin klinik psixoloqları üçün təlimlərin növbəti mərhələsinə başlanılıb.
Qeyd edək ki, ötən ilin oktyabrında Post Travmatik Stress Pozuntusu (PTSP) diaqnozlu xəstələr üçün ən effektiv 2 müalicə üsullarından biri Koqnitiv işlənmə terapiyası (KİT) üzrə 24 psixoloq üçün təlimlər təşkil olunmuşdur.
Bu dəfə isə 2-ci müalicə üsulu sayılan Yazılı Ekspozisiya Terapiyası (YET) üzrə 17 psixoloq üçün təlim proqramları təşkil edilib. Layihəni uğurla başa çatdıran iştirakçılar arasından yaxın 5 il ərzində həm də beynəlxalq təlimçi qismində Azərbaycanda peşəkar psixoloqların hazırlanması istiqamətində fəaliyyət göstərəcək mütəxəsislər hazırlanacaq.
Dekabr ayında YET üzrə 12 həftəlik ilkin təlimləri uğurla tamamlayan iştirakçılar müvafiq sertifikatlar aldıqdan sonra bu müalicə üsulu üzrə növbəti təlimlərə vəsiqə qazanıblar. 17 klinik psixoloq 2 gün ərzində ABŞ-ın Müharibə Veteranlarının İşləri Departamentinin Yazılı Ekspozisiya Terapiyası (YET) üzrə icraçı direktoru Brayn Marks tərəfindən hibrid şəkildə təşkil olunan təlimlərində iştirak edəcəklər. Bu mərhələdə pasiyentlərlə individual işlərin aparılması, tapşırıqlar, qiymətləndirmə meyarları və s. istiqamətlər üzrə psixoloqların növbəti mərhələyə hazırlıqları təmin ediləcək. Təlimlərin sonunda test olunacaq iştirakçılara praktik təcrübə və müalicə kursları üçün növbəti mərhələyə - superviziyalara başlayacaqlar.
Burada iştirakçılara 5 sessiyalıq tapşırıqlar veriləcək, həmçinin protokollar üzrə müalicə olunan xəstələrin gedişatını izləmək üçün davamlı qiymətləndirmə (müalicədən əvvəl, ərzində və sonrası) üzrə razılaşdırılmış vahid yanaşmanın tətbiqi, təlim zamanı 4 PTSP diaqnozlu qazi ilə müalicə kursu keçməsi planlaşdırılır. Yaxın 3 ay ərzində ABŞ ekspertləri layihə iştirakçılarına praktiki dəstək göstərəcək.
Hazırda “Azərbaycanda Psixoloji Reabilitasiya İmkanlarının Artırılması” (APRİA) layihəsi çərçivəsində KİT və YET kitablarının Azərbaycan dilində nəşri, həmçinin Azərbaycan dilində “CPT Coach” ilk psixoloji mobil tətbiqin yaradılması işlərini tamamlamaq üzrədir.
Qeyd edək ki, “For Azerbaijan” Xeyriyyə Təşkilatı qlobal maliyyə, investisiya, inkişaf təşkilatlarında aparıcı mövqelərdə çalışan həmvətənlərimiz tərəfindən yaradılmış və hazırda Bakı nümayəndəliyinin xətti ilə müxtəlif dövlət və özəl qurumlarla şəhid ailələri və qazilərə yönəlik sosial layihələri icra edir.
"Post Travmatik Stres Pozuntusundan əziyyət çəkən insanlar aşağıda göstərilən nömrələrə zəng edib ödənişsiz müalicə kursuna yazıla bilərlər".
Telefonlar: 070 573-06-55
070 528-49-43