Bu gün Fransada pensiyaya çıxma yaşının 64-ə qaldırılmasına qarşı etiraz aksiyaları başlayıb.
AzadMedia.az “Ouest-France”a istinadən xəbər verir ki, nəqliyyat, energetika, təhsil və digər bir çox sahələrin işçiləri sözügedən aksiyaya qoşulub.
Ümumilikdə bütün Fransa ərazisində, xüsusilə də 250-yə yaxın şəhərdə etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.
Aksiyalarla əlaqədar olaraq, ölkə sakinlərinə dəmiryolu, metro və yerüstü nəqliyyatın işində problemlərin müşahidə ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. Aksiyalar, həmçinin hava nəqliyyatına da təsirsiz ötüşməyəcək.
Etirazlar zamanı ictimai asayişi qorumaq üçün 10 mindən çox polis və jandarm cəlb olunub.
Qeyd edək ki, ölkənin Baş naziri Elizabet Born yanvarın 10-u Fransanın pensiya islahatlarının əsas istiqamətlərini təqdim edib. Fransa hökuməti isə sözügedən islahatı 2023-cü il sentyabrın 1-dən tətbiq etməyi planlaşdırır. Hökumətin planına əsasən, ölkədə pensiya yaşı ildə 3 ay olmaqla 62-dən 64-ə qədər artırılacaq və bu proses 2030-cu ilə qədər davam edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.