Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin Prezidenti ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Parlamentinin mənzil -qərargahında bu təşkilatın Prezidenti Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətini məmnuniyyətlə salamlayan Əl-Asumi deyib ki, bu görüş münasibətlərimizin daha da genişlənməsinə mühüm töhfə verəcək. O, rəhbərlik etdiyi təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bildirərək, Azərbaycanın bu əməkdaşlıq platformasına uğurlu sədrliyini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan Parlament Şəbəkəsinin yaradılması və institusional inkişafı üçün böyük işlər görür.
Ərəb Parlamentinin prezidenti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin həm Madriddə keçirilən təsis yığıncağında, həm də birinci Bakı konfransında iştirakını xatırladaraq, deyib ki, hər iki tədbir yüksək səviyyədə təşkil olunub. O, həmçinin qeyd edib ki, Ərəb Parlamenti beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət göstərir.
Əl-Asumini yenidən Ərəb Parlamentinin prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona və rəhbərlik etdiyi təşkilata uğurlar arzulayıb.
Ərəb Parlamentinin Prezidenti ilə həm Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin tədbirləri, həm də digər beynəlxalq parlament təşkilatlarının tədbirləri çərçivəsində görüşlərini xatırladan spiker Sahibə Qafarova, bu görüşlərdə aparılan müzakirələrin faydalı olduğunu bildirib.
Azərbaycan Milli Məclisinin Ərəb Parlamentinə üzv olan parlamentlərin bir çoxu ilə yaxşı münasibətləri olduğunu söyləyən spiker Sahibə Qafarova, onun Misir Ərəb Respublikasına hazırkı rəsmi səfərinin də bunun göstəricisi olduğunu vurğulayıb. O, həmçinin əlavə edib ki, bu təşkilata üzv olan ölkələrin parlamentləri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin də üzvləridir.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabrında Madriddə təsis olunub. 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində isə Bakıda 1-ci Konfransı keçirilib. Əl-Asuminin hər iki konfransda iştirakına görə təşəkkürünü bildirən Sahibə Qafarova onu şəbəkənin martın 13-də Bəhreynin paytaxtı Manamada keçiriləcək növbəti konfransına dəvət edib. Milli Məclisin sədri hazırda ikinci konfransa hazırlıq məqsədilə görülən işlər barədə də məlumat verib.
Sahibə Qafarova diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi digər beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığı genişləndirir. Onun sözlərinə görə, bu gün belə əməkdaşlıq üçün geniş imkanlar var. Çünki sülh, təhlükəsizlik, davamlı inkişaf, həmrəylik, dialoq bizlərin fəaliyyətinin əsasında dayanan prinsiplərdir. Bütün bu təşkilatlar eyni məqsədlərə xidmət edirlər.
Spiker Sahibə Qafarova Ərəb Parlamentinin yanvarın 22-də keçirilmiş plenar iclasında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə müşahidəçi statusunun verilməsi barədə qərarın qəbul olunmasını yüksək qiymətləndirib. Bununla da bu əməkdaşlıq platformasının müşahidəçi statusu əldə etdiyi beynəlxalq parlament təşkilatlarının sayı artıq 3-ə çatıb. Bunlar Asiya Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı və Ərəb Parlamentidir.
Görüşdə Milli Məclisin sədri Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında saxlanılması, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və torpaqlarımızın işğaldan azad edilməsini tələb edən qətnamələrin uzun illər icra olunmaması, 2020-ci ildə isə 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi şanlı Qələbə sayəsində Azərbaycanın öz gücü hesabına bu qətnamələrin həyata keçirilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra regionda yaranmış yeni reallıq, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesinə başlanması, Ermənistanın sülhün əldə olunmasının qarşısını almaq üçün törətdiyi təxribatlar, Azərbaycanın ərazilərinə Ermənistan tərəfindən minaların basdırılması barədə geniş məlumatlar verib. Spiker diqqətə çatdırıb ki, işğal dövründə Azərbaycanın bütün şəhər və rayonları, yaşayış məntəqələri, infrastrukturla yanaşı, tarixi, mədəni abidələr, dini abidələr və məscidlər də tamamilə dağıdılıb. Azərbaycanın məscidləri təhqirə məruz qalıb ki, bu da sadəcə xalqımıza qarşı deyil, bütün İslam dünyasına qarşı təhqirdir.
Milli Məclisin sədri görüşdə həmçinin cari il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı haqqında məlumat verib. O, bildirib ki, bu terror hücumu nəticəsində səfirliyimizin bir əməkdaşı həlak olub, iki əməkdaşı isə yaralanıb. Milli Məclisin sədri deyib ki, biz bunu terror aktı kimi qiymətləndiririk və hadisənin ədalətli araşdırılmasını, cinayətkarların layiqli cəza almasını tələb edirik.
Görüşün sonunda Ərəb Parlamenti ilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu da imzalanıb. Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, bu sənədin imzalanması əlaqələrimizin institusionallaşdırılması baxımından çox əhəmiyyətlidir.