Məşhur Məmmədov
Milli Məclisin deputatıTürkiyədə baş verən zəlzələ hər bir Azərbaycan vətəndaşını, hər bir azərbaycanlını türk qardaşlarımız qədər kədərləndirdi.
Zəlzələnin ilk günü, fevralın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanladı, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərin bizi kədərləndirdiyini yazaraq, ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirdi. Dövlətimizin başçısı faciə ilə əlaqədar türk həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa dilədi. Prezident İlham Əliyev həmçinin, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulamaqla kifayətlənməyib bütün sahələr üzrə qardaş yardımını əsirgəmədi.
Cənab Prezidentlə yanaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirmiş, Allahdan faciə zamanı həlak olanlara rəhmət diləmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamış, Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləmişdir.
Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib və çıxış edərək bir daha qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.
Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan sona qədər öz dəstəyini göstərəcək. Azərbaycandan davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcək. Aparılan yardım kampaniyalarını izləyəndə görürük ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də Türkiyə ilə aramızda əsl qardaşlıq əlaqələri mövcuddur.
Dövlətlə, xalqla yanaşı ictimai təşkilatlar da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulub. Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar.
Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.
Bütün dövlət qurumları da bu gün qardaş türk xalqının yanındadır. Dövlət qurumlarının nümayəndələri öz təşkilatları çərçivəsində humanitar yardımın təşkilində fəaldırlar.
Bütün yardım məsələləri bir mərkəzdən idarə olunur. Ölkənin xəstəxanalarında yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb, bir neçə ana və uşaqlar xəstəxanalara yerləşdirilib.
Böyük bir qrup könüllü artıq dağıntılar olan ərazilərə yola düşüb. Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər və ASAN könüllüləri müəyyən təcrübəyə malikdirlər və ümid edirəm ki, onlar öz bacarıqlarını əsirgəməyəcəklər.
Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Türkiyə bu acı sınaqdan şərəflə çıxacaq. Bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək.
Dəstəyimiz xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan xüsusi təyyarə 9 fevral tarixində Qaziantep hava limanına yola düşüb. Faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib.
Zəlzələdən əziyyət çəkənlərə dəstək məqsədilə 9 fevral tarixində Naxçıvandan ilkin olaraq 12 TIR yola salınıb.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.
Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb.
Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər.
Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub.
Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir.
Hazırda da Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Qardaş Türkiyə əsrlər ərzində çox faciələrdən üzüağ çıxıb. Əminliklə deyə bilərik ki, əsrin fəlakətinin fəsadları da tezliklə aradan qaldırılacaq. Ərazilər dağıntılardan təmizlənib yenidən qurulanda da Azərbaycan qardaş Türkiyənin yanında olacaq.