Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkənlər üçün keçirilən yardım kampaniyaları davam edir.
Azərbaycan xalqının Kahramanmaraşda zəlzələdən zərər çəkənlər üçün yığdığı humanitar yardımları daşıyan 25 konteynerdən ibarət qatar Bakıdan Türkiyəyə yola düşüb.
Azərbaycandakı Türk iş adamlarının yaratdığı Türkiyə Əsri Birlik və Həmrəylik Platformasının təşkil etdiyi kampaniya çərçivəsində yığılan geyim, adyal, quru qida və gigiyena məhsullarının yer aldığı humanitar yardımın yola salınması mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, millət vəkilləri və sadə vətəndaşlar iştirak ediblər.
Ağrılarının böyük, amma əzm və qardaşlıqlarının daha böyük olduğunu vurğulayan səfir Cahit Bağçı zəlzələdən zərər çəkən vətəndaşların köməyinə gələn qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edib.
“Bu qatar zəlzələdə evləri dağılan, dağıntılar altında qalan, sığınmağa yeri olmayan “qışın ayazında qarın altında ac, susuz qalan qardaşlarım üşüyərkən mən istidə otura bilmirəm” deyərək döşəyini, yorğanını, paltosunu, ayaqqabısını göndərən 10 milyonluq Azərbaycan xalqının isti ürəyini əks etdirir. Bu qatar Azərbaycandan Türkiyəyə qurulan könül körpüsüdür”, - deyə səfir qeyd edib.
Rövşən Rüstəmov isə bildirib ki, qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3 gün ərzində Türkiyəyə çatacaq.