ABŞ-ın “Çernobıl”ı: Ohayoda kimyəvi fəlakət
Fevralın 3-də ABŞ-ın Ohayo ştatında zəhərli kimyəvi maddələr daşıyan qatarın relsdən çıxması ekoloji fəlakətə səbəb olub.
Azadmedia.az xəbər verir ki, bölgədə müxtəlif xəstəliklər ortaya çıxmağa başladığı halda, qəza ABŞ-ın Çernobılı kimi qiymətləndirilir.
Kimyəvi fəlakətin nəticələrindən narahat olan Şərqi Fələstin sakinləri BBC-yə danışıblar.
Şəhər dükançıları Con və Lisa Hamner ekoloji fəlakətin onların həyatlarını "məhv etdiyini" iddia ediblər.
Emosiyalarını ifadə edərkən göz yaşlarını saxlaya bilməyən Con kimyəvi fəlakətə səbəb olan qəzanı “Şərqi Fələstinin Çernobılı” adlandırıb.
Qəsəbədəki kimyəvi fəlakətin əsas təsirlərinin və yaralarının psixoloji olduğuna diqqət çəkən Con, "Artıq yuxularım qaçır. İki dəfə həkimə getmişəm və narahatlıq həbləri qəbul edirəm. Bu, dolanışığımı itirməkdən 10 dəfə pisdir", ifadəsini işlətdi.
Federal və yerli məmurlar yerli sakinlərə “qaynadılmış su istehlak etməyi” tövsiyə edir.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin direktoru Maykl Reqan ötən gün bölgəyə səfəri zamanı yerli rəsmilərlə görüşüb və qəza ilə bağlı məlumat alıb; "Biz sizi görürük, eşidirik və narahatlıqlarınızı başa düşürük" dedi.
Qeyd edək ki, Fevralın 3-də ABŞ-ın Ohayo ştatının Şərqi Fələstin şəhəri yaxınlığındakı dəmir yolunda baş verən ekoloji fəlakətdə kimyəvi maddələr daşıyan 150 vaqonluq qatarın 50 vaqonunun relsdən çıxması nəticəsində partlayışlar baş vermişdi.
Partlayışlardan sonra ətraf mühitə yüksək miqdarda zəhərli kimyəvi maddələrin yayılması ilə əlaqədar rayon sakinlərinin təxliyəsi qərara alınmışdı.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.