AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin Ukrayna müharibəsinin ildönümündə siyasi həllə çağırış etdi - Eksklüziv

  • + A
  • - A
  • 24-02-2023, 11:32

    Çin Ukrayna müharibəsinin ildönümündə siyasi həllə çağırış etdi -



    Çin Ukrayna müharibəsinin ildönümündə siyasi həllə çağırış etdi.

    Rusiya-Ukrayna müharibəsinin başlanmasının ildönümündə Çin atəşkəsə və problemin sülh yolu ilə həllinə çağırıb.

    Xarici İşlər Nazirliyi Çinin "Ukrayna böhranının siyasi həlli" ilə bağlı təkliflərini özündə əks etdirən "mövqe sənədi"ni dərc edib.

    Pekinin həll üçün riayət edilməsini tövsiyə etdiyi ümumi prinsipləri özündə əks etdirən 12 bəndlik sənəddə vurğulanıb ki, ölkələrin suverenliyinə hörmətlə yanaşılmalı, qanuni təhlükəsizlik narahatlıqları nəzərə alınmalı, hərbi bloka yol verilməməli və gərginliyin tədricən azaldılması ilə atəşkəsə nail olunmalıdır.

    Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq bütün ölkələrin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir.

    “Soyuq müharibə məntiqindən imtina edilməlidir”

    Sənəddə vurğulanıb ki, bir ölkənin təhlükəsizliyi başqalarının təhlükəsizliyi hesabına təmin edilə bilməz, regional təhlükəsizlik isə hərbi blokların genişləndirilməsi ilə təmin oluna bilməz.

    Soyuq müharibə məntiqindən imtina edilməli və bütün ölkələrin qanuni təhlükəsizlik maraqları və narahatlıqları nəzərə alınaraq müvafiq cavablar verilməli olduğu vurğulanıb.

    “Humanitar böhranlar həll edilməlidir”

    Sənəddə qeyd olunub ki, müharibə və münaqişələrin yaratdığı humanitar böhranların aradan qaldırılması üçün bütün təşəbbüslər təşviq edilməli və dəstəklənməlidir. Mülki əhaliyə və mülki yaşayış məntəqələrinə qarşı hücumların qarşısı alınmalı, müharibə bölgələrində mülki əhalinin təhlükəsizliyi üçün humanitar dəhlizlər yaradılmalı, humanitar yardım fəaliyyətlərinə məhdudiyyətsiz çıxış imkanları verilməli və daha böyük humanitar böhranlardan qaçınılmalıdır.

    “Nüvə fəlakətinin qarşısı alınmalıdır”

    Atom elektrik stansiyaları kimi dinc nüvə obyektlərinə hücumlardan qaçınmaq, nüvə təhlükəsizliyi konvensiyaları və digər beynəlxalq qaydalara əməl edərək insan tərəfindən törədilən nüvə fəlakətindən qaçmaq barədə xəbərdarlıq edən sənəddə nüvə silahları ilə bağlı aşağıdakılar qeyd olunub.

    "Nüvə silahından istifadə oluna bilməz, nüvə müharibəsi aparıla bilməz. Nüvə silahından istifadə və istifadə təhlükəsinə qarşı çıxmalıyıq. Nüvə silahlarının yayılmasının qarşısını almalıyıq və nüvə böhranından qaçmalıyıq".

    Sənəddə bildirilir ki, Çin istənilən şəraitdə kimyəvi və bioloji silahların hazırlanmasına və istifadəsinə qarşıdır.

    “Taxıl dəhlizi açıq saxlanmalıdır”

    Pekin administrasiyası öz mövqe sənədində Ukrayna, Rusiya, Türkiyə və BMT arasında taxıl dəhlizi sazişinin həyata keçirilməsinə çağırıb, ərzaq böhranına qarşı ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.

    “Birtərəfli sanksiyalara son qoyulmalıdır”

    “Birtərəfli sanksiyalar və həddindən artıq təzyiqlər nəinki problemləri həll edə bilmir, həm də yeni problemlərin yaranmasına gətirib çıxarır”, - sənəddə deyilir.

    “Biz Təhlükəsizlik Şurasının icazə vermədiyi hər hansı birtərəfli sanksiyalara qarşı çıxmalıyıq”. - Deyə qiymətləndirmə aparılıb.

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR