Bakı, 3 mart — Azadmedia.az
Özbəkistan Rusiyadan təbii qaz idxalı üçün infrastruktur hazırlığına başlayıb.
Bu barədə Özbəkistanın “Uztransgaz” təbii qaz nəqli şirkəti məlumat yayıb. Bildirilib ki, şirkət Rusiyadan idxalı gözlənilən təbii qazın ölkədaxili təbii qaz nəqli həcmlərinə mane olmasının qarşısını almaq üçün ölkədə təbii qazın nəqli infrastrukturunun optimallaşdırılmasına başlayıb.
Açıqlamada bildirilib ki, ölkənin Buxara rayonundan keçən təbii qaz kəmərində lazımi quraşdırma işləri aparılıb. Bunun Rusiyadan gətiriləcək təbii qazın həcminin ilk növbədə ölkədaxili daşıma həcminə mane olmaması üçün edildiyi vurğulanıb.
Açıqlamada, Buxara-Ural, Orta Asiya-Mərkəzi və Qazlı-Şımkent təbii qaz boru kəmərlərinin infrastrukturun hazırlıq işlərinə başlanıldığı Buxaranın Qazlı bölgəsindən keçdiyi bildirilir və Özbəkistanın “qaz nəqli sisteminin ürəyində” olduğu xatırladılıb.
Yanvar ayında Özbəkistan Rusiyanın "Qazprom" şirkəti ilə təbii qaz sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalamışdı. İkitərəfli işçi qrup Rusiya qazının Qazaxıstan ərazisindən keçən “Orta Asiya-Mərkəzi” təbii qaz kəməri ilə Özbəkistana nəqli və daxili təbii qaz nəqli infrastrukturunun idxala yararlı olması üçün lazımi texniki hazırlıq işlərinin görülməsi barədə də razılığa gəlmişdi.
Qış aylarında daxili istehlakın artdığı Özbəkistanda təbii qaz problemi yaranmışdı. 2022-ci ilin noyabrında Rusiya tərəfi Özbəkistan və Qazaxıstana təkliflə çıxış edərək Özbəkistan tərəfinə təbii qaz tədarükünü də əhatə edən Üçtərəfli Qaz İttifaqının yaradılmasını təklif etmişdi. Bunun üzərinə Özbəkistanın energetika naziri Corabek Mirzamahmudov Rusiyadan Özbəkistana təbii qazın ittifaq şəklində deyil, birbaşa ikitərəfli kommersiya razılaşmaları əsasında həyata keçirilə biləcəyini açıqlamışdı.
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.