Bakı, 6 mart - Azadmedia.az
Quterreş inkişaf etmiş ölkələrin 100 milyard dollarlıq iqlim maliyyəsi vədini xatırladıb.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş inkişaf etmiş ölkələrdən iqlim dəyişikliyi ilə mübarizədə digər ölkələrə hər il 100 milyard dollar ayırmaq öhdəliyini yerinə yetirmələrini istəyib.
Quterreş Qətərin paytaxtı Dohada keçirilən BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr üzrə 5-ci Konfransının açılışında çıxış edib.
İqlim fəlakətlərindən ölən 10 nəfərdən 7-nin ən az inkişaf etmiş ölkələrdə olduğunu vurğulayan Quterreş, “İnkişaf etmiş ölkələr iqlim dəyişikliyinə uyğunlaşa bilmələri və müqavimət göstərə bilmələri üçün ən az inkişaf etmiş ölkələrə dəstəyini gücləndirməlidirlər”
Bu kontekstdə Quterreş inkişaf etmiş ölkələri hər il 100 milyard dollar toplamaq öhdəliyini yerinə yetirməyə çağırıb.
BMT-nin baş katibi çıxışından sonra Twitter hesabında "Hökumətlər, biznes və vətəndaş cəmiyyəti böhranın önündə olanlara iqlim ədalətini çatdırmalıdır, yalan vədlər dövrü bitməlidir" - deyə ifadələrindən istifadə edib.
İnkişaf etmiş ölkələr 2009-cu ildə 2020-ci ilə qədər inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstək olmaq üçün hər il 100 milyard dollar maliyyə ayırmağı öhdələrinə götürmüşlər. Bununla belə, vəd edilən iqlim maliyyəsi indiyədək istənilən səviyyədə həyata keçirilməyib.
Qətərdə keçirilən BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr üzrə Beşinci Konfransı martın 9-dək davam edəcək.
Konfransda dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, yüksək vəzifəli şəxslər, iş adamları, regional və qlobal təşkilatların, qurumların və şirkətlərin nümayəndələri də daxil olmaqla 6 minə yaxın insanın iştirakı gözlənilir.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.