Bakı, 6 mart - Azadmedia.az
Çin 2023-cü ildə müdafiə xərclərini 7,2 faiz artıracaq.
Çin ötən illə müqayisədə 2023-cü ildə müdafiə xərclərini 7,2 faiz artıracaq.
Baş nazir Li Kiqiang Çin Xalq Nümayəndələri Konqresinə təqdim etdiyi büdcə layihəsində müdafiə xərclərinin 7,2 faiz artaraq 1,55 trilyon yuana (təxminən 220 milyard dollar) çatacağını bildirib.
Çin 2022-ci ildə müdafiə xərclərini 7,1 faiz artıraraq 1,45 trilyon yuana çatdırmışdı.
Artım tempi bu il qarşıya qoyulmuş 5 faiz civarında iqtisadi artım hədəfini üstələyib.
Xərclər dollarla müqayisədə. azalır
Müdafiə büdcəsinin yuanla artacağı proqnozlaşdırılsa da, milli valyutanın dollar qarşısında ucuzlaşması səbəbindən xərclər dollarla müqayisədə azalacaq.
2022-ci ildə 1,45 trilyon yuana yüksəldilmiş müdafiə xərcləri, o günün məzənnəsinə görə 230 milyard dollar olaraq hesablanıb. Bu il artıma baxmayaraq, keçən illə müqayisədə büdcədə təxminən 10 milyard dollar itki olduğu görünür.
Çin ABŞ-dan sonra müdafiəyə ən çox pul xərcləyən ölkədir.
Ötən ilin sonunda ABŞ Konqresi 2023-cü maliyyə ili üçün müdafiə xərclərinə 800 milyard dollar ayrılmasını təsdiqləyib.
Müdafiə büdcəsi əvvəlki illə müqayisədə 4,3 faiz artıb. 2022-ci ildə ABŞ milli müdafiəyə 767 milyard dollar büdcə ayırıb. Müdafiə xərcləri dövlət büdcəsinin təxminən 12 faizini təşkil edirdi.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.