Bakı, 6 mart - Azadmedia.az
BMT ölkələri açıq dənizlərdə biomüxtəlifliyin qorunması ilə bağlı razılığa gəliblər.
Birləşmiş Millətlər Təşkilatında (BMT) açıq dənizlərdə biomüxtəlifliyin qorunması üçün uzun illər davam edən danışıqlardan sonra razılıq əldə olunub.
Razılıq iki həftədir Nyu-Yorkda keçirilən Hökumətlərarası Konfransın 5-ci Sessiyasından sonra BMT-nin binasında son iki gün ərzində 40 saata yaxın fasiləsiz aparılan danışıqlar nəticəsində əldə olunub.
Təxminən 20 ildir tədqiq olunan saziş ölkələrin milli dəniz yurisdiksiyalarından kənarda biomüxtəlifliyi qorumaq məqsədi daşıyır. Dənizlərin təxminən üçdə ikisini əhatə edən bu ərazidə iqlim dəyişikliyi, həddindən artıq balıq ovu və gəmiçilik kimi məsələlər biomüxtəlifliyə mənfi təsir göstərir.
Müqavilə bu ərazilərdə balıqçılıq fəaliyyətlərinə məhdudiyyətlər qoysa da, dəniz minalarına, dəniz nəqliyyatı marşrutlarına və kəşfiyyat fəaliyyətlərinə də məhdudiyyətlər qoyacaq.
İqlim dəyişikliyi ilə mübarizə kontekstində mühüm addım kimi qiymətləndirilən sazişlə bağlı BMT-nin baş katibi Antonio Quterreş vurğulayıb ki,
"Bütün tərəfləri təbrik edirəm. İndiki və gələcək nəsillər üçün daha təhlükəsiz, daha sağlam, dayanıqlı və məhsuldar bir okean üçün birlikdə işləməyə davam edəcəyimiz günləri səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, sazişin BMT-də rəsmi olaraq qəbul ediləcəyi gözlənilir. Bundan sonra BMT ölkələri imzaya açılacaq sazişə tərəf olub-olmayacağına qərar verəcək.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.