Bakı, 10 mart - Azadmedia.az
Belçikada dövlət işçilərinin elektron cihazlarında TikTok-a giriş bloklanıb.
Belçika federal hökuməti Çin sosial media platforması TikTok-u hökumət rəsmilərinin istifadə etdiyi kompüter və mobil cihazlarda qadağan edib.
Milli Təhlükəsizlik Şurasının iclasından sonra hökumətin qərarı açıqlanıb.
Baş nazirin müavini Georges Gilkinet Twitter hesabından verdiyi açıqlamada qadağa qərarının federal səviyyədə alındığını bildirib.
“Ağıllı və lazımlı qərar qəbul etdik” deyən Gilkinet bundan sonra da, yalnız Facebook və Twitter-də olacağını da bildirib.
Federal hökumətə əlavə olaraq, Flaman bölgəsi hökumətinin də ictimai işçilər üçün TikTok-a qadağa qoyacağı qeyd edildi.
Valon hökumətinin də yaxın vaxtlarda eyni qərarı verəcəyi gözlənilir.
Belçika Kibertəhlükəsizlik Mərkəzi də xəbərdarlıq edib ki, TikTok istifadəçilərdən əhəmiyyətli miqdarda məlumat toplayır, bəzən istifadəçilər bundan xəbərsiz olur və bu, məxfiliyin pozulması baxımından risk yaradır.
Mərkəzin xəbərdarlığında həmçinin bildirilirdi ki, TikTok alqoritmlər vasitəsilə məlumat axını və məzmunu manipulyasiya edə bilər və Çin qanunları TikTok-u Çin kəşfiyyatı ilə əməkdaşlığa məcbur edir.
ABŞ başda olmaqla bəzi Qərb ölkələri və Avropa Birliyi qurumları son həftələrdə rəsmi işçilərin iş üçün istifadə etdikləri cihazlarda TikTok-un istifadəsini qadağan etmək qərarına gəliblər.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.