Bakı, 12 mart - Azadmedia.az
İran Rusiyanın Sukhoi-35 (Su-35) döyüş təyyarələrinin satınalma prosedurlarının tamamlandığını açıqlayıb.
İran dövlət televiziyasının İranın BMT-dəki daimi nümayəndəliyinə əsaslanan xəbərə görə, Rusiyadan Su-35 təyyarələrinin alınması yekunlaşıb.
Bildirilib ki, 1988-ci ildə İran-İraq müharibəsindən sonra İran bəzi ölkələrə döyüş təyyarələri almaq üçün müraciət göndərib və Rusiya bu müraciətə müsbət cavab verib.
Bildirilib ki, BMT-nin 2007-ci ildən etibarən İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına cəhdlər edilib və nəhayət, döyüş təyyarələrinin satınalma prosedurları tamamlanıb.
Xəbərdə alqı-satqı müqaviləsinin nə vaxt bağlandığı və Rusiyadan İrana nə qədər Su-35-in gətiriləcəyi barədə məlumat verilməyib.
Prioritet olaraq 24 təyyarə alınacaq
Ölkə mətbuatında yer alan xəbərə görə, İran ilk olaraq Rusiyadan 24 döyüş təyyarəsi alacaq.
Tehranın 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə Almaniya arasında imzaladığı nüvə sazişinə uyğun olaraq, beynəlxalq silah embarqosu 13 il müddətinə tətbiq edilib və bəzi İran rəsmilərinin beynəlxalq səyahət qadağası 2020-ci ildə ləğv edilib.
Rusiyanın “Sukhoi” şirkəti tərəfindən hazırlanmış tək oturacaqlı, ikimühərrikli Su-35 çoxməqsədli dördüncü nəsil qırıcı kimi istifadə olunur.
Qeyd edək ki, embarqolar səbəbindən uzun müddətdir döyüş təyyarələri ala bilməyən İranın Hərbi Hava Qüvvələrinin inventarında ABŞ istehsalı olan köhnə F-4, F-5 və F-14, həmçinin Rusiyanın Mig-29 və Su-24 döyüş təyyarələri var. .
Ü. Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.