"İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir".
Bu barədə İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli X Qlobal Bakı Forumu çərçivəsində "Yaxın Şərq və ətrafında sülh, stabillik və inkişaf axtarışı" mövzusunda keçirilən növbəti panel iclasda çıxışı zamanı deyib.
O bildirib ki, regionda sabitliyin pozulmasının səbəbi İrandır.
"Regiondakı bütün ölkələr İran tərəfindən təhdid altındadır. İran təkcə İsrailin deyil, bütün dünyanın düşmənidir".
Nazir inanır ki, Yaxın Şərq regionunda sülhə addımbaaddım nail olmaq mümkündür.
"Abraham Sazişi" bütün region ölkələrinin marağına xidmət edir. Biz region ölkələri ilə indiyə qədər qeydə alınmamış əməkdaşlığı görürük, bu müxtəlif sahələri əhatə edir. Bu ölkələr İsraili artıq düşmən kimi görmür, tərəfdaş kimi görür. Sülhə yalnız liderlər arasında deyil, xalqlar arasında da nail olunur. Mənim arzum odur ki, Yaxın Şərqdə sülhə, stabilliyə nail olaq".
Gamlieli hesab edir ki, hazırda regional stabillik, Yaxın Şərq təhdid olunur, bu təhdid İrandır.
"İran nüvə saflaşdırmasını 84 faizə çatdırıb və bəyan edib ki, guya səhvən baş verib. Ancaq İran AEBA-ya və beynəlxalq ictimaiyyətə yalan danışır. İran öz xalqına yalan danışır. Mən buradan bütün beynəlxalq təşkilatlara səslənirəm, İranda qadınlara qarşı təzyiqlərə baxın. Bu gün İranda məktəbdə qızları zəhərləyirlər, qadınlara, qızlara təzyiq göstərilir. Niyə? Çünki onlar azadlıq, bərabərlik istəyir", o qeyd edib.
Iran tərəfi İsrail kəşfiyyat nazirinin Bakıdakı çıxışında səsləndirdiyi bəyanatlara hələ cavab verməyib. Bununla yanaşı, martın 11-də İran hərbi təyyarəsi Azərbaycanla sərhəd boyu uçuşlar edib. Azərbaycan bu uçuşlardan sonra İrana etiraz notası təqdim edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.