AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUHUMUZUN BAHAR OVQATI

  • + A
  • - A
  • 15-03-2023, 13:25

    RUHUMUZUN BAHAR OVQATI

    ...Üzümüzə yaz nəfəsi toxunan nurlu səhərlərin birindətumurcuq vurmuş ağaclar ağac, baharı ilk müjdələyən quşlar quş dili ilə Novruzun gəlişindən soraq verir... Bağ-baxçada gül-gülü çağırar, bülbül-bülbülü.Baharfəslinin gözəlliyini susləyənbuta və xonça şəkilli yamyaşıl səmənilər hər el-obadagöz oxşayır. Gül-çiçəklər bağlara, qartallar zirvəyə, şəlalalər dağlara, leyləklər səmaya yaraşdığı kimi, Novruz bayarımı da yurdumuzun ellərinə-obalarına yaraşır...
    Novruzun gəlişi fəsillərin və nəsillərin görüş çağına dönür. Uzü nurlu ağbirçək nənələrin dilindən xeyir-dualar əskik olmur. Müdrik babalar nəvə-nəticələrinə ötən günlərdən, xalqımızın qədim adət-ənənələrindən söz açarlar.Ağsaqqal və ağbirçəklərin məsləhəti ilə gənclərbelə əziz axşamlarda kimsəsizləri tək qoymazlar; elə ki, Novruzun “topu” atıldı, bayram xonçasından pay götürüb, tənha qocalara baş çəkərlər...
    Əzəldən elin gözü tərəzi, dürlü-dürlü sözü-söhbəti canlı öyüd-örnək məktəbiolub! Zarafat deyil, adı dağdan ağır ulu adət-ənənələr boylanır bir dünya yaşıllığın içindən. Xeyirli – bərəkətli yaz günləri evlərdə şirinçörək, şəkərbura, paxlava bişirən gəlinlərimiz, ana və nənələrimiz bir-birinə könülxoşluğuyla, qəlbaçıqlığıyla: “Toy çörəyi yapasan!”, “Bayam xoncasını ilbəil artıq tutasan!”- deyə xeyir-dualar verərlər.
    Novruz - ana təbiətin insanlara bərabərlik, mehribançılıq, barış, sevgi, şadyanalıq təklifidi... Bu gün Qarabağın döyünən ürəyi olan Şuşada dalğalanan üçrəngli bayrağımız da allı-güllü Novruzun gözəlliyinə gözəllik qatır... Novruz Azərbaycanda və dünyada yaşayan müxtəlif millətlərin arasında birliyin və mehribanlığın möhkəmləndirilməsində, onların bir-birinə mərhəmət və diqqət göstərməsində humanizm ənənələrinə malik bayramdır.
    Sevindirici haldır ki, Azərbaycan dövlətinin təklifi ilə Novruz bayramı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib və 2010-cu ilin fevralın 23-də BMT Baş Məclisi martın 21-ni “Beynəlxlaq Novruz Günü”elan edib...
    Azərbaycanda qədimdən Novruz günü bütün ailə üzvlərinin birlikdə mübarək bayram süfrəsinin başına yığışması yaxşı əlamət sayılır. Son illər Novruz ərəfəsi cəzaçəkmə müəssisələrində azadlıqdan mərhum olmuş yüzlərcə məhbus əhv olunaraq, ailələri ilə birlikdə bayram sevincini yaşayırlar. Milli adət-ənənələrimizə dərin ehtiramdan irəli gələn və humanizm meyarlarına söykənən belə addımlar çox təqdirəlayiq haldır.Bu milli bayram günlərində həm də bizə əziz və müqəddəs insanların, doğmalarımızın, şəhidlərimizin məzarını ziyarət edir, xatirələrini anır, ruhlarına dualar oxuyuruq. Bu da xalqımızın milli-mənəvi dəyərlərə sadiqliyindən xəbər verir.
    Mənbələrdə göstərilir ki, Novruz nə bir məzhəb, nə də bir dini bayram deyil. Mahmud Kaşğarlının “Divan-i-Lüğəti-türk”ündə, Səlcuqlu Vəzir Nizamülmülkün “Siyasətnaməsi”ndə, Qaraqoyunlu hökmüdarı Cahan şahın təqvimində, Ağqoyunlu sultanı Həsən xan Bayandurun “Həsən Padşah Qanunları" toplusunda, Qazi Bürhanəddinin, Səfəvi-Qızılbaş şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini, adət-ənənəsini əks etdirən Novruz bayramının ortaq türk bayramı olduğu göstərilir.
    Qədim dövrlərdə bu bayram Tura adlanardı. Tura – Törə (törəmək) sözündən yaranıb ki, bu gün dilimizdə işlətdiyimiz Turan sözü də bu addan götürülüb. Tura yeni günün başlanğıcı kimi qeyd edildiyindən farslar bu sözü Nov-yeni, ruz-gün ilə əvəzləyiblər. Sonralar bayramın adı Novruz kimi yaddaşlarda qalıb...
    Akademik İsa Həbibbəyli bayramı əks etdirən kəlmənin "Novruz" deyil, "Nuh Ruz" olduğunu bildirir. Alimin fikrincə, yeni həyat, yeni nəfəs mənasını verən bu günün bayram edilməsi təsadüf sayıla bilməz. Novruzun tarixi türk xalqlarının tarixi qədər qədimdir. Bilinən ən qədim türk təqvimi "On iki heyvanlı təqvim"də yeni ilin ilk günü məhz 21 martdan hesablanır, yəni Novruz bayramından.
    İslamiyyətdən sonra hicri təqvimi qəbul edilməklə bərabər Səlcuq Sultanı Məlik şah zamanında "Cəlalə Təqvimi" adlı yeni təqvim qəbul etdirilmişdir ki, orada da 21 mart yeni ilin ilk günü kimi qeyd olunur.
    Azərbaycanda Sovet höküməti qurulandan bir müddət sonra Novruz milli-dini bayram kimi bolşeviklərin hücumuna məruz qalıb. Mənbələrdə göstərilir ki, "Mübariz allahsızlar ittifaqı" deyilən təşkilat bayram günlərində küçə-küçə, ev-ev gəzir, bayramı qeyd edən, evində səməni yetişdirən, tonqal üstündən atılan kommunist və komsomolçuları cəzalandırırdılar. Belə cəzalar əsasən ictimai qınaqdan ibarət olurdu. Buna baxmayaraq Novruzu uzun müddət əziz bayram kimi ailə çevrəsində keçiriblər.
    ...1967-ci ildə dövlət xadimi Şıxəli Qurbanovun adı Novruzla qoşa çəkilməyə başladi. Məhz həmin ilin baharında Suraxanı atəşgahından gətirilmiş od Bakının qoynunda – məğrur və əfsanəvi Qız Qalasının yaxınlığında böyük Novruz tonqalını şölələndirdi. Gəlin kimi bəzədilmiş Bahar qız obrazını canlandıranSəfurə İbrahimovanın şənliyə at belində gəlməsi və təbriki ağ-qara kinolentin yaddaşına həkk olunub. Böyük bayram tonqalı günəşin yerdəki simvolu kimi xalqımızın taleyini nura qərq etdi. Novruzun hər gəlişi Odlar Yurdunun adına ucalıq, əzəmətinə əzəmət, vüqarına vüqar qatdı, bayram şənlikləri təntənəli məqamlarla zənginləşdi. O zaman Bakı şəhər partiya komitəsində ideologiya üzrə katib vəzifəsində çalışan və Şıxəli Qurbanova Novruz şənliyinin keçirilməsində böyük mənəvi dəstək verən rəhmətlik Vəli Məmmədovun xidmətlərini də unutmaq olmaz!Novruzun Azərbaycanda rəsmi “milli vətəndaşlıq vəsiqəsi” alması onun Orta Asiyadakı sovet respublikalarında da bayram kimi qeyd olunmsına rəvac verdi.
    Novruz bayramının bərpa olunması mahiyyətcə xalqımızın azadlıq əzminin nümayişi idi və ilk növbədə milli dövlətçilik quruculuğuna xidmət edirdi. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi.
    Sözsüz ki, Bahar bayramı son illər xalqla dövlətin vəhdəti işığında keçirilir; dövlət xadimləri də, el aşığı da, uşağdan böyüyəcən sadə insanlar da ümumxalq şənliyində birlikdə iştirak edirlər. Qədim xalq oyunlarını, Kosa ilə Keçəlin məzhəkəsi, Novruz atəşfəşanlığı, xoruz döyüşü, halay qurub yallı gedənlər bahar məclislərinə ülfət gətirir, sevinc, gülüş töhfəsi bəxş edirlər...Ulu Novruzun bizə bəxş etdiyi milli birliyimizi hamımız əməli işlərimizlə sübut etməliyik.
    Şərq dünyasında Yeni ilin başlanmasını birdirən bu bayram gəlişi ilə elimizə bərəkət, əmin-amanlıq, ömrümüzə təravət gətirsin! Hər birinizə tükənməz yurd sevgisi, xeyir əməl, cansağlığı arzusu ilə

    Nurəddin Ədiloğlu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR