AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bağ evlərinin kirayə qiyməti bahalaşdı, hamı şəhərdən qaçır

  • + A
  • - A
  • 24-06-2020, 09:53

    Bağ evlərinin kirayə qiyməti bahalaşdı, hamı şəhərdən qaçır

    7 ay əvvəl Çinin Uhan əyalətində yayılmağa başlayan koronavirus hər ötən gün dünyanı daha çox çənginə almaqdadır. Virusa qarşı atılan addımlar əbəs görünür. İnsanlar qaçıb canlarını qurtarmaq üçün sakit və təhlükəsiz bir məkan axtarışındadır. Bu məqamda ağla gələn bağ və dağdır.

    İmkanı olan maşınına oturub dağlara çəkilir, bağlara üz tutur. Pandemiya bir çox sahələri vurduğu, faktiki olaraq dövriyyəsini sıfırladığı bir vaxtda Bakı bağlarında dincəlmək istəyənlərin, bağ sahibi olmaq həvəsi ilə yaşayanların sayı artmaqdadır. Bağ evini illər öncə alıb yolunu unudanlar belə uzun illərdən sonra yaşayış yerini toz-torpaqdan təmizləyib bağa köçüblər. İsti yay günlərində Bakı sakinlərinin əksəriyyəti Abşeron bağlarına üz tutur.

    Dənizli, qumlu, meynəli bağlar qışda nə qədər sakitdirsə, yayda bir o qədər qələbəlik yaşayır. Bağ mövsümü yaxınlaşanda Xəzər sahili boyunca yerləşən kəndlərin siması dəyişir, hay-küyü artır. İndi Bakı bağlarının qumsal torpaqları, təmiz havası, dadı bir başqa olan quyu suyu pandemiyadan sığortalayan məkan kimi xəyallardadır. Mavi Xəzərin sahilində yerləşən Abşeron bağları əksəriyyət üçün əvvəlkindən daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Karantin Abşeron yarımadasındakı bağ evlərinin qiymətini və kirayəsini də xeyli artırıb.

    Bağ kirayəsi və alqı-satqısı ilə məşğul olanlar deyirlər ki, indi vəziyyət əvvəlki illərə baxanda onlar üçün yaxşıdır.

    “Keçən il iyun ayı 1000 manata heç kimin yaxın düşmədiyi bağ evi bu il sorğu-sualsız kirayələnib. Gələn kirayə bağ istəyir, pul əlində qalıb, bağ kirayə verən də xeyli azalıb” - Pirşağı bağlarında bağ kirayəsi ilə məşğul olan Hüseyn adlı həmsöhbətimiz belə deyir.

    Onun sözlərinə görə, pandemiya elan olunandan vəziyyət dəyişib: “Əvvəl qışın günü bağa gələn az olardı. Həftəsonu istirahətə, məclis qurmağa gələrdilər. Bu il mart ayında məktəblər bağlandı, camaat köçdü bağlara. Elə bağ evləri vardı ki, sırf yaydan-yaya qapısı açılardı. Mart ayından sahibləri köçüb oturub bağda. Halbuki illərlə həmin bağ evlərini kirayə verib özləri də xaricdə istirahət edərdilər. Pandemiya dövrüdür, kimsə xaricə getmir. Bu cırhacırda şəhərin mərkəzində evdə oturmağa da ürək istəyir. Ona görə də camaat köçüb bağlara. İstirahət eləyir, koronavirusa yoluxma riskindən özlərini uzaq tutur. Xeyli adam da var ki, bağ kirayələmək istəyir. Pulu əlində gəlir, bağ tapıb verə bilmirik”.

    Digər həmsöhbətimiz Yusifdir. Deyir ki, camaat düşünür ki, koronavirus bağlara gəlib çatmayacaq: “Amma boş söhbətdir. Belə şey olmaz. Koronavirus o boyda ölkələri diz üstündə qoydu. İlin-günün bu vaxtı Xəzəri camaatın üzünə bağlayıb. Biz Xəzər sahilində böyümüşük. Bu yaşa gəlib çatmışıq, azı 40 ildə belə olmayıb ki, yayın bu çağında dəniz kənarında kimsə olmasın. İndi isə dəniz sahili qağayıların ixtiyarındadır. İnsanlar da bağlarda dənizə həsrət qalıb. Əvvəl müştərilərin yaxın düşmədikləri torpaqları da indi böyük həvəslə alırlar. Qiymətlər də ucuz deyil. Sotu 3-5 minə olan torpaq hazırda 6-7 minədir. Kirayədən də heç danışma, bu gedişlə camaat qışı da bağlarda qalacaq, deyəsən...”

    Həmsöhbətlərimin dedikləri ilə razılaşmamaq olmur. Bu gün heç kim xaricə getməyə risk etmir. Sosial mediada paytaxtda yaşayanların dağdan, bağdan, meşədən şəkilləri başına götürüb.

    “Əmlak” Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı “Yeni Müsavat”a deyib ki, yay aylarında bağ evlərinin kirayəsi bahalaşır: “Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda turizmlə bağlı problemlər var. Əhalinin turizm imkanları məhdudlaşıb. Belə olan təqdirdə daxili turizmə üstünlük verilir. Belə şəraitdə bağ sahələrinə maraq artır. Bunun da əsas istiqamətlərindən biri Bakı və Abşeron rayonu ərazisindəki bağ evləridir. Məhdudiyyətlərlə əlaqədar insanların rayonlara gediş-gəliş imkanları aşağı səviyyədədir. Burada təbii ki, psixoloji amillər də var. Bəzi adamlar elə düşünürlər ki, bağ sahəsində məskunlaşsalar, virusdan qaçıb canlarını qurtaracaqlar. Bu cür psixoloji təsirlər var. Bu təsirlər nəticəsində bağ sahələrinə tələbat artıb. Tələbat artımı isə öz növbəsində qiymətlərin artımına gətirib çıxarır”.

    Ramil Osmanlı bildirir ki, ötən illə müqayisədə bağ icarə qiymətləri 20-25 faiz artıb: “Bəzi ərazilərdə 10-15, elə ərazilər var ki, hətta 20-25 faizə qədər qiymət artımları müşahidə olunur. Kirayə bağ evləri üzrə qiymətlər təqribən 2-3 otaqdan ibarət olan orta kommunal təchizatlı bağ evlərinin kirayəsi 1000-1200 manatdan başlayır. Belə bağ evlərində hovuz, bar, idman qurğuları olmur. Həyətində qeyd olunan şəraiti olan, 4-5 otaqlı bağ evlərinin 1 aylıq kirayəsi minimum 2500-3000 manatdır. Bəzi ərazilərdə bağ evlərinin qiyməti 5-10 min manata, hətta 20 min manata bağ evləri var”.

    Ramil Osmanlı deyir ki, karantin günlərini bağ evlərində keçirmək istəyənlər isə daha çox kirayə haqqı ödəməli olurlar: “Məsələn, bağ evinin aylıq kirayəsi 2 min manatdırsa, 15 günlük qiymət min manat deyil, 1500 manat olacaq. Bağ sahibləri bunu belə əsaslandırır ki, ayın yarısını bağda qalan şəxs çıxıb gedəndən sonra yeni kirayənişin tapmaq üçün zaman tələb olunur. Həmin zamanda bağ evi boş qalır, təbii ki, sahibi də kirayə haqqı almır”.

    Ramil Osmanlı deyir ki, indiki şəraitdə insanlar torpaq almağa o qədər də həvəs göstərmirlər: “Daşınmaz əmlak investisiya aləti olaraq aktual deyil. Lakin pandemiya dövründə bağ evlərinin qiymətində artım təbiidir. Pandemiya makroiqtisadi sabitliyi pozub, bütün istiqamətlər üzrə iqtisadi aktivliyin azalması əmlak bazarına da təsirsiz ötüşməyib. Hazırda bazarda yalnız təklif qiymətləri müşahidə edilir. Obyektlərin üzərində əqd bağlanmadığına görə faiz artımı və ya azalmanı tam müşahidə edə bilmirik. Hesab edirəm ki, qarşıdakı aylarda əqdlər qismən də olsa bərpa olunacaq və əməliyyatlar həyata keçiriləcək. Bundan sonra artıq biz qiymət dinamikasının hansı istiqamət və faizlər üzrə dəyişdiyini təyin edə biləcəyik”.
    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR