İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq qərarı Qərb sponsorlarının koordinasiya etdiyi Paşinyan rejiminin Rusiyanın kürəyinə vurduğu bıçaq zərbəsindən başqa bir şey deyil.
Belə ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı ekspert İqor Korotçenko deyib.
“İrəvanın BCM-nin Roma Statutuna qoşulması üçün çalışmasının əsl səbəbləri hamıya məlumdur. Məndə olan məlumata görə, qoşulma qərarından əvvəl Paşinyanın şəxsi siyasi razılığı olub və bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanla ABŞ-ın İrəvandakı səfiri Kristina Kuin arasında görüş olub. Yəni qarşımızda Amerika səfirliyi ilə razılaşdırılmış siyasi aksiya var.
Ermənistan Rusiyanın xeyrinə seçim etmədi. Bu, Paşinyan rejiminin açıq şəkildə nümayiş etdirdiyi həm Rusiyanın, həm də Putinin kürəyinə zərbədir. Təbii ki, İrəvanın hələ də prosesi dayandıracağına ümid var. Çünki onlar bir gün əvvəl Rusiya XİN vasitəsilə kifayət qədər ciddi mesaj alıblar ki, Moskva bu addımı çox mənfi qiymətləndirir. Həmçinin XİN nazirinin müavini Qaluzinin Ermənistanın Rusiyadakı səfiri Arutyunyanla yaxın vaxtlarda baş tutacaq məsləhətləşmələri zamanı Kreml İrəvan rəhbərliyinə hadisələri necə qiymətləndirdiyini daha dolğun şəkildə çatdıracaq”, - o bildirib.
Politoloq qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə əlaqələri zəiflətmək üçün əlindən gələni edəcək:
“Hər halda Ermənistanın Qərbə doğru getdiyi hamıya aydındır, bu, zaman məsələsidir. İrəvan hakimiyyətinin Rusiya və KTMT-yə qarşı indiki bütün hərəkətləri AB-nin müşahidə missiyasının gəlişi, Qərb kəşfiyyat rəhbərlərinin səfərləri və onların birbaşa Paşinyanla danışıqları ilə sinxronlaşdırılır. Bunu hamı çox yaxşı görür.
Yeganə sual budur ki, Paşinyan tam olaraq nə vaxt bütün əlaqələri kəsəcək? İndi Ermənistanın hazırki rəhbərliyini belə tələsik qərarlardan saxlaya bilməyəcəyimizi demək çox çətindir. İnsanda belə təəssürat yaranır ki, həm Paşinyan özü, həm də ətrafı siyasi gələcəklərində artıq Qərbin güc mərkəzlərinə arxalanıblar”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.