Dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq daha da güclənir. Azadmedia.az xəbər verir ki, bu sözləri martın 30-da Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilən iclasında “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusundan danışarkən Milli Məclisin deputatı Ceyhun Məmmədov detib.
Millət vəkili çıxış edərək bildirib ki, müstəqillik əldə etdikdən sonra ölkə vətəndaşlarının dini etiqad və vicdan azadlıqları təmin olundu, bu sahədə qoyulan qadağalar aradan qaldırıldı. Xalqımız öz milli və dini bayramlarını sərbəst şəkildə qeyd etmək hüququ əldə etdi.
Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qurulduqdan sonra ölkəmizdə dövlət-din münasibətləri sahəsində yeni mərhələ başladı. Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarının tələblərinə riayət olunmasının təmin edilməsi, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların fəaliyyətinin tənzimlənməsi səlahiyyəti Dövlət Komitəsinə həvalə olundu.
Ceyhun Məmmədov bildirib ki, tarixən Azərbaycan xalqı digər din və mədəniyyətlərə qarşı tolerant münasibətilə seçilib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri öz etnik xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlamaqla, həmişə qarşılıqlı anlaşma şəraitində yaşayıb, ictimai-siyasi və iqtisadi həyatda fəal iştirak ediblər. O, müasir dövrdə də ölkəmizdə müxtəlif dinlərin tarixinin, mədəni əbidələrinin, mənəvi irsinin dövlət tərəfindən qorunduğunu söyləyib, bu gün Azərbaycanın öz tolerantlığı, dini plüralizmi qoruyub saxlaması ilə yanaşı, İslam həmrəyliyinə də layiqli töhfələr verdiyini deyib. Bildirib ki, ölkəmizdə dini dəyərlərə, ibadət yerlərinə və din xadimlərinə xüsusi qayğı ilə yanaşılır. Dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlıq daha da güclənir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.