Azərbaycan tarixinin ən acı səhifələrindən birini də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar təşkil edir. Qeyd edilən zaman Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər yerlərdə 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından didərgin salınmışdır.Təkcə Şamaxıda 1653 qadın və 965 uşağ daxil olmaqla, 7 min dinc sakin qətlə yetirilmiş, Cümə məscidi və bir sıra mədəniyyət abidələri tamamilə dağıdılmışdır. Sonradan aparılan tədqiqatlar göstərdi ki, Şamaxının 40-dan çox kəndində də minlərlrə insan öldürülmüşdür.
Quba qəzəsında ümumilikdə soyqırım qurbanlarının sayı 4000 nəfərdən artıq olmuşdur, qırğınlar nəticəsində 122 kənd tamamilə dağıdılmışdır.
Bütün bu faciələr son iki yüz ildə Azərbaycan xalqına qarşı törədilmiş erməni soyqırımları və etnik təmizlələmələr siyasətinin nəticələri olmuşdur.
Ancaq özündə ən ağır beynəlxalq cinayətləri ehtiva edən əməllər xalqımızın tarixi yaddaşından heç vaxt silinməyəcək. Bu mənada 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərman müstəsna əhəmiyyətə malikdir. Məhz bu mühüm sənədlə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir və həmin tarixin öyrənilməsi istiqamətində ardıcıl, məqsədyönlü tədqiqatlar aparılmaş, bir çox əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur.
Erməni cinayətlərinin dünyaya tanıdılması istiqamətində atılan ən mühüm addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılması olmuşdur. Dövlət Başçısının imzaladığı digər əhəmiyyətli sənəd 2018-ci il yanvarın 18-i tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamdır.
Bəşəriyyət tarixi bir çox beynəlxalq cinayətlərin şahidi olsa da, azərbaycanlılara qarşı onların milli mənsubiyyətinə görə törədilən ən ağır cinayətlər bu sırada öz qəddarlığı ilə xüsusi yer tutur və heç zaman unudulmayacaq.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.