Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədrinin açıqlamasına dair yerli medianın sualına cavablandırıb.
Sual: Fransanın Overn-Rona-Alplar bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi özünü təqdim edən Sergey Kazaryan ilə Yerevanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib. Bu fikirləri necə şərh edərdiz?
Cavab: Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.
Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq, Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.