Londonun Queen Mary Universitetində (QMUL) təhsil alan erməni tələbələrin “Dağlıq Qarabağ: 2020 müharibəsindən sonra vəziyyət” mövzusunda təşkil etdikləri tədbirdə azərbaycanlı tələbələr və gənclər Ermənistanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Varujan Nersesyana sərt etiraz ediblər.
Britaniya Azərbaycanlı Gənclər Hərəkatının təsisçisi Qasım Qurbanov bildirib ki, səfir Varujan Nersesyanın, anti-Azərbaycan mövqeyi ilə tanınan baronessa Kerolayn Koksun, ingilis tarixçisi və konfliktoloqu Lourens Broyersin iştirakı ilə görüş təşkil ediləcəyindən bir həftə öncə xəbər tutublar.
Tələbələrimiz QMUL rəhbərliyinə rəsmi müraciət edərək, bir ay öncə mediada adı anti-islam yönümlü beynəlxalq təşkilatlardan rüşvət almaqda hallandırılan baronessa Koksun bu görüşdə iştirak etməsinin qeyri-mümkün olduğunu vurğulayıblar. Eyni zamanda, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi olmadığı üçün tədbirin adının dəyişdirilməsini tələb edərək, informasiya balansının təmin olunması məqsədilə Azərbaycan səfirinin də görüşə dəvət olunmasını və dialoq aparılmasını təklif ediblər.
“Baronessa Koksun görüşdən kənarlaşdırılmasına nail olsaq da, digər tələblərimiz cavabsız qaldı. Ona görə də bütün tələbələrimiz bir araya gələrək, həmin görüşə qatıldılar”, - deyə soydaşımız bildirib.
Onun sözlərinə görə, görüşdə 70-80 nəfərdən ibarət müxtəlif ölkələrin vətəndaşları, tələbələr, professor-müəllim heyəti və media mənsubları iştirak ediblər.
Öncə çıxış edən professor Lourens Broyer bu mövzuda guya tərəfsizliyini və qərəzsizliyini nümayiş etdirmək istəyib, amma “humanitar böhran” iddiasını dilə gətirməklə ermənipərəst olduğunu sübut edib.
Azərbaycanlı iştirakçıları görən Ermənistan səfiri “Artsax”, “Şuşi” kəlmələrindən istifadə etməkdən çəkinsə də, Dağlıq Qarabağın Azərbaycan ərazisində yerləşdiyini göstərən xəritədən istifadə etsə də, onun Qarabağ münaqişəsi, İkinci Qarabağ müharibəsi və Xankəndidə “humanitar böhran” barədə dezinformasiya xarakterli çıxışı azərbaycanlı tələbələrin etirazına səbəb olub.
“Ermənilərin təxribata əl atmasına yol verməmək üçün bütün gənclərimizlə əvvəlcədən özümüzü soyuqqanlı aparacağımız, deyilənlərə sakit qulaq asıb suallarımızı verəcəyimiz barədə razılaşmışdıq. Amma səfir II Qarabağ müharibəsində Azərbaycan tərəfindən Suriyadan gələn muzdluların vuruşduğunu deyəndə, özümü saxlaya bilmədim. Yerimdən ingilis dilində səfirə “İnsanlara yalan danışmayın! Heç bir zaman olmayan və sübut edə bilməyəcəyiniz iddiaları söyləməyin! Erməni təbliğatını burada yaymaq olmaz” söylədim”, - deyə Qasım Qurbanov bildirib.
Maraqlısı odur ki, tədbirin mühafizəçisi erməni moderatorun öz ölkəsinin mənafeyini müdafiə edən azərbaycanlı gənci auditoriyadan çıxarmaq tələbini yerinə yetirməkdən imtina edib. “Bu məqamda erməni moderatorun üzünün nə günə düşdüyünü mən həyatım boyu unutmaram”, - deyə soydaşımız vurğulayıb.
Tədbirin sual-cavab hissəsində erməni moderatorun bütün cəhdlərinə baxmayaraq, Britaniya Azərbaycanlı Gənclər Hərəkatının təsisçisi erməni səfirinə 3 sual ünvanlaya bilib.
Onun ilk sualı belə olub: “Siz 8 il prezident Serj Sarqsyanın köməkçisi olmusunuz. Prezidentinizin sözlərini xatırlatmaq istəyirəm. “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırdıq” sözlərini Sarqsyan Tomas de Vaala deyib. Əvvəllər heç bir vaxt bu, təkzib olunmayıb. Prezidentiniz bunu dediyi üçün artıq təəssüflənirsiniz, yoxsa 2020-ci ilin payızındakı 44 günlük müharibə nəticəsində sizin ədəbsiz ritorikanız da məhv edilib?”
Daha sonra Ermənistan səfirinə “Siz çıxışınızda Helsinki Paktını xatırlatdınız, beynəlxalq hüquqdan danışdınız, hansısa “millətin” öz müqəddəratını təyin etmək hüququndan söz açdınız. Elə təəssürat yaranır ki, siz hamınız məsumsunuz və beynəlxalq hüquq tərəfdarısınız. Siz bunu da 2020-ci ildən sonra yada salmısınız? Yoxsa 30 il ərzində hər il bunu sizə kimsə xatırladırdı? O zaman BMT-nin 4 qətnaməsinin icrası haradadır? Zəngəzur dəhlizinin açılması haradadır? Beynəlxalq müqavilələr niyə yerinə yetirilmir?” sualı ünvanlanıb.
Soydaşımızın “Siz öz ölkənizi humanist şəkildə təqdim etmək istəyirsiniz, mən sizə belə fürsəti verəcəyəm. Ermənistan rəhbərliyi ötən əsrin son illərində Zəngəzurdan deportasiya olunmuş 300 min azərbaycanlı qaçqını qəbul etməyə hazırdırmı? Prezident İlham Əliyev Qarabağdakı Azərbaycan vətəndaşları olan ermənilərin, respublikanın bütün vətəndaşları kimi, konstitusion hüquqları ilə təmin olunacağını bəyan edib. Ermənistan rəhbərliyi Zəngəzurdan olan azərbaycanlı qaçqınlara bütün hüquqları verməyə hazırdırmı?” sualı səslənəndə tədbir iştirakçıları Ermənistan səfirinin haqlı suallara cavab verə bilmədiyinə şahid olub.
Erməni moderator gənc soydaşımızı növbədənkənar suallar verməkdə ittiham etmək istəyəndə gənc soydaşımızın “Siz haqsız olduğunuz üçün mənim suallarımdan qorxursunuz. Haqq sizin tərəfinizdə olsaydı, heç zaman məni susdurmağa cəhd göstərməzdiniz. Mən də mədəni şəkildə suallarımı ünvanlayar, səfiriniz də cavab verərdi. İndi siz haqqın səsini susdurmaq istəyirsiniz” cavabı ilə qarşılaşıb.
Qasım Qurbanov hətta Ermənistan səfiri ilə kameranın önündə deyil, universitet daxilində tet-a-tet görüşmək təklifini də qəbul edib. “Səfir mənə yaxınlaşanda gülə-gülə “siz müxalifətdənsiniz?”, - deyə soruşdu. “Ona “yalnız dövlətimin düşmənlərinə müxalifəm” söyləyəndə, səfir kiminlə üz-üzə gəldiyini anladı. Söhbət zamanı 20 il ən yüksək vəzifələrdə çalışmış 50 yaşlı şəxsin təcrübəli diplomat olmadığı qənaətinə gəldim. Danışığımız elə səviyyəyə çatdı ki, erməni səfir “Qarabağ Azərbaycandır!” söyləmək və ermənilərin yalan danışdıqlarını etiraf etmək məcburiyyətində qaldı”, - deyə soydaşımız əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.