Abşeron “kraliça”sının döydürdüyü müharibə əlili – “Bu hökumətdən qorxuram”-VİDEO
“İradə xanım Azərbaycanın yeganə qadın icra başçısı olmağı ilə fəxr edir. Yaxşı olar ki, fəaliyyəti ilə qürur duysun. Mehriban xanıma baxıb dərs çıxarsın. Nümunəvi olsun”.
► Başçı əlini ağdan qaraya vurmur
Bu sözləri Xırdalan sakini Eldar söyləyib. O, Xırdalanın “AAAF Park” yaşayış kompleksinin arxa küçəsində yaşayır.
Deyir ki, Abşeronun icra başçısı İradə Gülməmmədova rayona rəhbərlik edəndən bəri əlini ağdan qaraya vurmayıb:
“Siz Allah bu küçənin gününə baxın. Belə yol ucqar dağ kəndində yoxdur. Hələ siz quru vaxtda görmüsünüz.
Yağışda bura bataqlığa çevrilir. Bu Xırdalan başdan-ayağa xaosdur. Yollar dağılıb, səliqə-sahman yox, bazarın ətrafı biabırçılıqdır. Bizim yoldan da danışmağa dəyməz.
İradə xanım bu rayona təhkim olunub ki, nizam-intizam, səliqə-sahman yaratsın. Ancaq Xırdalanda heç bir abadlıq işi görülməyib”.
Sakinlərin dediyinə görə, Abşeron RİH başçısı özünə ad qazanıb. Ona rayonun “kraliçası” deyirlər.
Bildirirlər ki, İ.Gülməmmədova camaatla, problemlərlə maraqlanmır. “AAAF Park”ın arxasındakı həyət evlərində yaşayanlar deyirlər ki, burada yoldan əsər-əlamət qalmayıb.
► Evyıxan dəstə üzvləri
İxtisasca pediatr olan, 1995-2006-cı illərdə Abşeron rayon uşaq polikilinikasında baş həkim işləmiş G.Məmmədova başçı kimi rayonun problemlərini “müalicə” edə bilmədi, daha doğrusu etmədi…
Sözü uzatmadan faktlara nəzər yetirək: Abşeronun Xırdalan şəhəri Əfqanıstana oxşayır: hər yer tör-töküntü, çirkab, palçıq, yağış suları dizə qədər…
Sakinlər deyirlər ki, onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.
Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.
Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər.
Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir. Başçının Elmir, Fuad və digər bu kimi şəxslərdən ibarət evyıxan dəstəsinə “dur” deyən yoxdur.
Rayon ərazisində yerləşən pay torpaqlarda icra başçısının təyin etdiyi qiymətlərlə satışa çıxarılıb satılmaqdadır.
► Qarabağ əlilini döydürüb
Abşeron “kraliçası”nın adı həm də əlili döydürməkdə hallanıb. Bir-iki ay qabaq meydan.tv Qarabağ əlili Səyyaf Bayramovun şikayətini çəkmişdi.
Qarabağ qazisi və əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə Abşeron polisinə çağrıldığını və şöbənin qarşısında mülki geyimli iki polis tərəfindən qanına qəltan edildiyini söyləyib.
Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.
Mediada diqqət çəkən digər məsələ xanım icra başçısının müavini Fuad Cəbrayılov haqda iddialardır.
Saytlar yazıb ki, F.Cəbrayılov vaxtilə Dövlət Reyester Xidmətinin Abşeron Şöbəsi müdirinin müavini işləyərkən yüzlərlə saxta sənədlər düzəldərək vətəndaşlara qanunsuz “kupça” verilməsi əməliyyatına rəhbərlik edərək külli-miqdarda pul qazanıb.
Bundan başqa saxta sənədlərlə Abşeron rayonu ərazisində xeyli sayda obyektlər ələ keçirib.
Çovdarova rüşvət?
Bu qanunsuzluqlarla bağlı məsələyə o zamanlar fəaliyyətdə olan Milli Təhlükəsizlik Nazirliyi də qarışıb.
Nazirlik şikayətlər əsasında şöbədə əməliyyat keçirərək, çoxlu sayda saxta sənədlər, qanunsuz çıxarışlar aşkar edib.
MTN-nin keçirdiyi əməliyyat nəticəsində Reyester Xidmətinin Abşeron Şöbəsində bir neçə nəfər, o cümlədən Fuad Cəbrayılov həbs edilib.
Lakin Fuad Cəbrayılov qayınatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyester Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə MTN-nin təcridxanasından canını qurtara bilib.
İddiaya görə, Fuad Cəbrayılov azadlığa çıxması üçün MTN-də o zaman idarə rəisi işləyən Akif Çovdarova qaynatası vasitəsilə külli-miqdarda rüşvət verib.
Amma Arif Qaraşov Dövlət Reyester Xidmətinin rəisi vəzifəsindən çıxarıldıqdan sonra Fuad Cəbrayılov xidmətdən qovulub.
Bir müddət qayınatası Aydın Cəfərovun tikinti biznesində işləyən Fuad Cəbrayılovun sonra məhz qayınatasının köməkliyilə Abşeron İcra Hakimiyyətində məsləhətçi vəzifəsinə işə düzəldiyi deyilir.
İ.Gülməmmədova icra başçısı təyin olunduqdan sonra isə onu özünə müavin təyin edib və faktiki olaraq “qara kassiri” rolunu oynadığı bildirilir.
Növbəti reportajda isə Mehdiabad qəsəbəsindəki problemləri işıqlandıracağıq. RİH-nin mövqeyini dərc etməyə hazırıq.AzEuroNews.com/