Ermənistan məhkəməsi əlverişsiz hava şəraiti səbəbindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində itkin düşərək Ermənistan ərazisinə keçən iki azərbaycanlı əsgər barədə həbs qərarı verib.
“Sputnik-Armeniya” xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Azərbaycan hərbçilərinə qarşı bir neçə maddə ilə cinayət işi açıb.
Ermənistan Baş Prokurorluğunun məlumatına əsasən, Aqşin Bəbirov və Hüseyn Axundov barəsində Ermənistan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət işi başlanılıb. Onlar bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah və sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham olunurlar.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.