Mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə iki məsələnin daxil edildiyini deyib.
Tahir Mirkişili gündəliyin birinci məsələsini – “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. O, layihənin Beynəlxalq Maliyyə Korporasiyası ilə bir yerdə hazırlandığını və beynəlxalq təcrübəyə əsaslandığını, sənədin əsas məqsədinin sahibkarların maraqlarının gücləndirilməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi olduğunu söyləyib.
Diqqətə çatdırılıb ki, layihədə “Yoxlama obyekti”nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki, yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın. Sənəddə, habelə “Risklərin idarə olunması” anlayışı, onun strukturu, struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək.
Qeyd olunub ki, qanuna yoxlayıcının və sahibkarın hüquq və vəzifələrini özündə ehtiva edən yeni 1-1-ci fəsil əlavə olunur. Həmçinin, 6-1 və 6-2-ci maddələrin əlavə edilməsi təklif olunur ki, burada etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və yoxlayıcı orqanın fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.
Qanun layihəsində dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilir. Qeyd olunur ki, dövlət orqanı ilə yanaşı, publik hüquqi şəxslər də yoxlayıcı orqan hesab olunduğundan, publik hüquqi şəxslərin fəaliyyətinin qiymətləndirilməsinin tənzimlənməsinə zərurət vardır. Bu isə öz növbəsində, yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır. Sənədə habelə, təlim planlarına dair müfəssəl müddəaların əlavə edilməsi təklif olunur. Eyni zamanda, illik planların məzmunu və hazırlanma müddətləri göstərilir. Bunlar yoxlayıcı orqanların fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılmasına xidmət edir.
Layihənin bir sıra maddələrində nəzərdə tutulan düzəlişlər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin və şəffaflığın artmasına xidmət edir. Təklif olunan digər əlavələrə əsasən, yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verilir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.
Nəzərə çatdırılıb ki, qanun layihəsində nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən, götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
Təklif edilən digər düzəlişlərdə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsinin yoxlanılması üçün şərt daxil edilir. Habelə yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən şikayət verilməsi qaydası dəqiqləşdirilir. Qeyd edilir ki, qərarları və hərəkətləri barəsində şikayət olunan yoxlayıcı orqanların yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana şikayətlə müraciət edə bilərlər.
Bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər sahibkarların fəaliyyətinə edilən lüzumsuz müdaxilələrin və onların inzibati yükünün artmasının qarşısının alınmasına, ümumilikdə isə sahibkarlığın inkişafına, biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.
İclasda iştirak edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. O, sənədin geniş müzakirə olunduğunu deyərək, onun sahibkarların yoxlamalar zamanı qarşılaşdıqları problemlərin aradan qaldırılmasına xidmət edəcəyini söyləyib.
Elçin İbrahimov diqqətə çatdırıb ki, növbəti addımda, yoxlamaların dayandırılmasının müddəti bitdikdən sonra tam olaraq qanunun işlək vəziyyətə gəlməsinə şərait yaranacaq. Bu prosesdə hər iki tərəfin – həm yoxlayıcıların, həm də sahibkarların hüquq və mənafelərinin, onların vəzifələrinin dəqiq müəyyən olunması təmin edilir.
Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən komitənin sədr müavini Əli Məsimli, üzvləri Məşhur Məmmədov, Vüqar Bayramov, Vahid Əhmədov, Rüfət Quliyev, Məzahir Əfəndiyev, İqbal Məmmədov, Aydın Hüseynov təklif olunan dəyişiklikləri müsbət qiymətləndiriblər, qanun layihəsinin bu sahədəki məsələlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətindən bəhs ediblər. Deputatlar, həmçinin bəzi qeyd və təkliflərini də səsləndiriblər.
Sonra İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov deputatların suallarını cavablandırıb.
Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Sonra iclasda Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə baxılıb.
Komitə sədri Tahir Mirkişili layihədə adları göstərilən qanunlara təklif edilən dəyişikliklərin uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli olduğunu deyib. O, sənəddə, eyni zamanda, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi məqsədləri üçün torpaq sahələrinin əldə edilməsinin xüsusiyyətləri, müqavilələrin bağlanması şərtləri və müvafiq icra orqanlarının səlahiyyətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.
Bu qanun layihəsi də ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.