Azərbaycanın çoxəsirlik tarixə malik olan dövlət quruculuğu təcrübəsinin ən parlaq səhifələrindən birini XX-ci əsrdə Şərqin ilk demokratik, hüquqi, dünyəvi respublikasının yaradılması təşkil edir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla ölkənin müstəqilliyini və suverenliyini bütün dünyaya bəyan etmişdir.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti çox qısa dövr ərzində siyası və hüquqi reallıqları formalaşdırmışdır, dövlətçilik ənənələrinin bərqərər olunması istiqamətində əhəmiyyətli addımlar atmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə yaddaşlarda qalacaqdır. O, az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”. Yenicə fəaliyyətə başlayan parlament bir çox mütərəqqi qanunlar qəbul etdi – Azərbaycan vətəndaşlığı hüquqi institutu təsis olundu, hər bir ölkə vətəndaşına eyni hüquqlar verilərək irqi, milli, dini, sinfi bərabərsizlik aradan qaldırıldı. Cümhuriyyət Parlamеntinin 10 dеkabr 1918-ci il tarixində keçirilmiş ikinci iclasında Azərbaycan qadınlarına sеçilmək hüququ da rəsmi dövlət səviyyəsində təmin edildi.
Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi "Əlahiddə Azərbaycan korpusu"nun təşkil olunması dövlətçilik tariximizin ən əlamətdar hadisələrindən biri olmuşdur.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanıldı, Bakı Dövlət Universitetinin Nizamnaməsi qəbul edilərək və bu tədris ocağı fəaliyyətə başladı. 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi təsis edildi, ədliyyə və məhkəmə sisteminin fəaliyyətini nizamlayan qərarlar qəbul edildi. Təəssüf ki, həmin dövrün tarixi reallıqları yeni yaranmış Cümhuriyyətin inkişafına son qoydu. Ancaq, xalqımızın milli dövlətçiliyi qurmaq əzminin qarşısını heç kim ala bilməzdi və 1991-ci ildə dövlət müstəqilliyi bərpa edildi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilmişdir. Burada bir daha Ulu Öndər Heydər Əliyevin unudulmaz sözləri yada düşür: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir”.
Ümummilli Liderin fədakar səyləri nəticəsində Azərbaycan dünyada öz möhkəm nüfuzu ilə tanınan bir dövlətə çevrilmişdir. Heydər Əliyevin dövlətçilik strategiyasını böyük uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz misilsiz uğurlara imza atdı.
44 günlük Vətən müharibəsinin nəticəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Silahlı Qüvvələrimiz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyi bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən xalq kimi tanıtdı. Bu böyük qələbə Azərbaycan xalqının tarixi yaddaşına qızıl hərflərlə həkk olundu. Ölkə Başçısının dediyi kimi, “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Nizami Səfərov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü