2024-cü ilin dövlət büdcəsi təsdiqləndi.
Azadmedia.az xəbər verir ki, gələn ilin dövlət büdcəsi ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri 2005-ci ildən – yəni, ölkəyə böyük neft gəlirləri gəlməyə başlayandan bəri ilk dəfə büdcədə hərbi xərclərin tikinti xərclərini üstələməsidir.
“Müdafiə və milli təhlükəsizlik” xərcləri 2023-cü illə müqayisədə 367 milyon artaraq 6.4 milyard manata çatacaq. 2024-cü ildə Azərbaycan büdcəsindən xərclənən hər 100 manat 17 manat 46 qəpiyi hərbi xərclərlə bağlı olacaq. Hər 100 manatın daha 17 manat 16 qəpiyi isə tikinti və şəhərsalma ilə bağlı olacaq.
2024-cü ilin dövlət büdcəsində ən çox diqqət çəkən məqamlardan digəri də dövlət borcu ilə bağlı nəzərdə tutulan ödənişlərdəki kəskin artımdır. 2024-cü ilin büdcəsindən dövlət borcu ilə bağlı 1 milyard 972 milyon manat ödəniləcək.
Yəni, büdcədən xərclənən hər 100 manatın 5 manat 36 qəpiyi məhz dövlət borcuna sərf ediləcək. 2023-cü ilin dövlət büdcəsindən borclarla bağlı ayrılan vəsait 1 milyard 182 milyon manata bərabər idi. 2024-cü ildə 2023-cü illə müqayisədə büdcədən dövlət borcları üçün 790 milyon manat və ya 67 faiz daha çox vəsait ayrılacaq.
Qeyd: Məqalədə Çəpəki teleqram kanalından istifadə edilib
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.