Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Miçalko Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) bu missiya və onun fəaliyyəti ilə bağlı ilkin razılaşmalara zidd olan fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar təsdiqlənib.
Aİ-nin diqqətinə çatdırılıb ki, missiya mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin və qeyri-rəsmi nümayəndə heyətlərinin sərhədyanı ərazilərə səfərlərini asanlaşdıran “dürbün diplomatiyasının” agentinə çevrilib. “Bütün bu cür səfərlər istisnasız olaraq əsassız azərbaycanofobiyanın yayılması üçün istifadə olunur”, - XİN-dən bildiriblər.
Qeyd olunub ki, EUMA-nın məsuliyyət zonasını qanunsuz keçmə cəhdinin qarşısının alınması ilə bağlı son insident missiyanın bəyan edilmiş məqsədlərinə ciddi kölgə salır.
“Bu cür hərəkətlər EUMA-nın neytral qurum kimi etimadın möhkəmləndirilməsinə dair bəyan etdiyi məqsədlərinə heç bir şəkildə uyğun gəlmir”, - Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.