Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən
Azadmedia.az-a bildiriblər ki, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.
Belə ki, sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə edildiyi vurğulanıb.
Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq bu qəbildən bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə edildiyi bildirilib.
“Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu diqqətə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.