AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ehtiyatda olan polkovnik: Ermənistan müharibə barədə düşünür, sülhdən yayınır

  • + A
  • - A
  • 13-02-2024, 12:23

    Ehtiyatda olan polkovnik: Ermənistan müharibə barədə düşünür, sülhdən yayınır


    Ermənistan ancaq müharibə barədə düşünür, sülhdən yayınır.

    Yenixeber.org Bunu açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatları şərh edərkən deyib.

    O bildirib ki, son hadisələr İrəvanın sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir: “Ermənistan rəhbərliyinin sülhlə bağlı dedikləri sadəcə ictimaiyyətə hesablanmış açıqlamalardır və görünür, real mövqeyi əks etdirmir. Ona görə də sülh sazişinin imzalanması uzanır. Qarşı tərəf şərti sərhəddə vaxtaşırı bu cür insidentlər yaratmaqla bölgədə vəziyyəti daim gərgin saxlamağa çalışır. Məqsəd regionda davamlı sülhün qarşısını almaqdır”.

    Ekspert söyləyib ki, ermənilərin sərhəd təxribatları həm regional sülhü sual altında qoyur, həm də beynəlxalq hüquqa hörmətsizliyi nümayiş etdirir: “Əlbəttə, bu, Ermənistanın məqsədyönlü təxribatı idi. Bunu sübut edən konkret faktlar var. Yayılan videogörüntülərdən aydın olur ki, bu təxribatlar əvvəlcədən hazırlanıb. Kadrların təhlili göstərir ki, erməni snayperi sərhədçimizə atəş açandan dərhal sonra öz mövqeyini rahat şəkildə - digər erməni hərbçilərinin müşayiəti ilə tərk edir. Yəni erməni snayperi məqsədli şəkildə ön xətdə yerləşdirilib və digər erməni hərbçilərinin də iştirakı ilə Azərbaycana qarşı təxribat törədib. Hadisənin bir neçə erməni hərbçisinin iştirakı ilə törədilməsi onu deməyə əsas verir ki, İrəvanın bu təxribatı hər hansı əsgərin özfəaliyyəti kimi təqdim etməyə çalışması absurddur və həqiqətdən uzaqdır”.

    Ehtiyatda olan polkovnik bu məsələdə üçüncü güclərin, o cümlədən ABŞ və Fransanın rolu barədə də danışıb: “Vaşinqton və Parisin İrəvana verdiyi dəstək bu dövləti revanşist cəhdlərə həvəsləndirir. Həmçinin Hindistan və Fransa kimi dövlətlər sürətlə Ermənistanı silahlandırırlar. Əlbəttə, bu, sülhə töhfə deyil, əksinə, revanşa təhrik etməkdir. Görünür, Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır və havadarları bu məsələdə ona lazımi dəstəyi göstərir.

    Bu gün Fransa və Hindistan Ermənistanın silahlanmasında aktiv rol oynayır, Azərbaycana qarşı mina terrorunu davam etdirən bu dövləti hər vasitə ilə silahlandırırlar. ABŞ-nin Ermənistana mənəvi-siyasi dəstəyi də təəssüf hissi ilə vurğulanmalıdır. Bütün bu faktlar onu göstərir ki, ABŞ və Fransa regionda yeni bir müharibənin baş verməsində maraqlıdırlar və onlar Ermənistanı buna sürükləyirlər”.

    Hərbi ekspertin fikrincə, Azərbaycan sərhədçisinə qarşı təxribatın Zəngilanda - İranla sərhədin yaxınlığında törədilməsi Ermənistanın ağalarının müharibənin miqyasını genişləndirmək planlarından xəbər verir: “Məlum insidentlə bağlı diqqət çəkən faktlardan biri də hadisənin Zəngilanda-İranla sərhədə yaxın ərazidə gerçəkləşməsidir. Məqsəd Azərbaycanla Ermənistana arasında yeni müharibəyə təkan verməklə yanaşı, həm də bu müharibənin miqyas və coğrafiyasını genişləndirmək, İran və digər dövlətləri də bura daxil etməkdir. Çünki Ermənistanın Qərbdəki himayədarları yaxşı başa düşür ki, müharibədə daha çox dövlətin iştirakı qarşıdurmanın miqyas və dağıdıcılığının daha da artması deməkdir. Məhz bu səbəbdən də təxribat üçün üçüncü dövlətə yaxın ərazi seçilib ki, bu da İrəvanın dağıdıcı güclərin əlində alətə çevrildiyini göstərir”.

    C.Xəlilov qeyd edib ki, sözügedən sabotaj cəhdi Avropanın bölgədəki missionerlik fəaliyyəti və “binokl diplomatiyası”nın lazımsız və təhlükəli olduğunu təsdiqləyir: “Bir müddətdir ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədində hansısa missiya həyata keçirir, avropalı diplomatlar, fransalı generallar müntəzəm olaraq binoklla Azərbaycan ərazisini izləyirlər. Avropalı diplomatlar əminliklə bildirirdilər ki, guya bütün bu fəaliyyət regionda sülhün və sabitliyin yaranmasına xidmət edir və bundan narahat olmağa dəyməz. Amma dünənki təxribat sübut etdi ki, Qərbin həyata keçirdiyi bu missiya Ermənistanın silahlanması qədər təhlükəlidir. Belə hadisələr regionda sülhə töhfə vermək əvəzinə qarşıdurmanı riskini gücləndirir. Hər kəs - həm Ermənistan, həm də ona dəstək verənlər, İrəvan vasitəsilə öz maraqlarını təmin etməyə çalışanlar bilməlidirlər ki, Azərbaycan istənilən təhlükəni dəf etməyə qadirdir. Əlbəttə, təxribatların qarşısı lazımi formada alınacaq”.

    Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

    Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

    Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.(“Report”)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR