AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Münhen Konfransı nələrlə yadda qaldı... - Navalnı, Əliyev-Paşinyan görüşü...

  • + A
  • - A
  • 19-02-2024, 17:20

    Münhen Konfransı nələrlə yadda qaldı... - Navalnı, Əliyev-Paşinyan görüşü...


    Münhen bu günlərdə dünyanın diqqət mərkəzində idi. Münhen Təhlükəsizlik Konfransı 60 illik yubileyində fəaliyyətə başladı. Diplomatiya və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etmək üçün dünya liderləri Almaniyanın bu şəhərinə toplaşmışdılar. Fevralın 16-18-də "Bayerischer Hof" mehmanxanasında davam edən konfransda Ukrayna, Yaxın Şərq, ABŞ-Çin münasibətləri və s. mövzular diqqətdə idi.

    Həbsdə olan rusiyalı müxalif siyasətçi Aleksey Navalnının müəmmalı ölümü konfransa damğasını vuran hadisəyə - mərhum siyasətçinin həyat yoldaşı Yuliya Navalnayanın çıxışına rəvac verdi. Yaddaqalan və cəsarətli çıxışı ilə xanım Navalnaya meydan oxudu. Konfransda iştirak edən Qərb liderləri Navalnının ölümünə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını bəyan etdilər.

    Üstəlik, Putinin məsuliyyət daşıdığını ifadə edən Qərb liderlərinin əlində real və birbaşa təsir imkanların məhdudluğu azmış kimi, ABŞ və Avropa arasında Trampın və Respublikaçıların "xidmətləri sayəsində" son vaxtlar yaranmış soyuqluq Avropa liderlərini öz təhlükəsizliklərini ABŞ-a ümid olan avtonom qaydada təmin etməyə yönəltdiyi şəraitdə bu hadisənin baş verməsi prosesi daha da mürəkkəbləşdirdi.

    Ukraynanın Avdiyevkadan geri çəkilməsi və Rusiya qoşunlarının nəzarəti ələ keçirməsindən daha çox konfransda Navalnının ölümü müzakirə olundu.  Ukrayna prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransında cəbhədəki vəziyyətin ağırlığından nə qədər danışsa da, Qərbdən gələn dəstəyin artaraq davam edəcəyi mesajı müəyyən qədər optimist proqnozlara imkan verir.

    Bununla yanaşı, konfransda Pekini təmsil edən Çin XİN başçısı Van İ ölkəsinin Rusiya ilə əlaqələrini sərt şəkildə müdafiə etdi və Qərbə Çinin Tayvanla bağlı qırmızı xətlərini keçməməsi barədə ultimatum verdi. Onun ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə də əsas mövzu Tayvan olub. Van İ Fələstinlə İsrail arasındakı hadisələrdən də danışıb və növbətçi bəyanatlar verib.

    ABŞ dövlət katibi Blinken konfransda Vaşinqtonun İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyata “sarsılmaz dəstəyini” təkrarlayıb. Böyük Britaniyanın XİN başçısı Devid Kameron bildirib ki, Fələstin ərazilərinin bərpasının maliyyələşdirilməsinə kömək edən Avropa, ərəb və körfəz ölkələrindən olan rəsmilər potensial atəşkəsdən sonra İsrail və Fələstin xalqının gələcəyini müzakirə etmək üçün bir araya gələcəklər.

    İsrail Qəzzada sonuncu nisbətən təhlükəsiz yer olan Rəfaha hücumunu davam etdirməmək üçün təzyiqlə üzləşir. Lakin İsrailin xarici işlər naziri İsrael Katz Münhendə jurnalistlərə bildirib ki, HƏMAS-ı orada tərk edə bilməyəcəkləri üçün başqa seçim yoxdur. Rəfahdakı qaçqınların hara gedəcəklərini soruşduqda Qəzzanın ikinci böyük şəhəri Xan Yunisi göstərib. O, qaçqınlar məsələsində qonşu Misirlə koordinasiya aparılacağını açıqlayıb.

    Münhen Təhlükəsizlik Konfransında Cənubi Qafqazdan olan liderlər də iştirak edirdilər. Azərbaycan və Gürcüstan Prezidentləri İlham Əliyev və Salome Zurabişvili, Ermənistan Baş naziri Nikol Paşinyan konfransda idilər. Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə Əliyev-Paşinyan görüşü də məhz Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutdu.

    Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutan görüşdə Şolts Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb.

    Paşinyan-Əliyev görüşündə isə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib. İki ölkə arasında COP29 əsnasında olan qarşılıqlı kompromislər və əldə edilmiş irəliləyiş müsbət qiymətləndirilib.(Modern)





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR