AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xocalı soyqırımı: bəşəriyyət əleyhinə törədilmiş cinayət - Deputat Nizami Səfərov

  • + A
  • - A
  • 22-02-2024, 22:09

    Xocalı soyqırımı: bəşəriyyət əleyhinə törədilmiş cinayət - Deputat Nizami Səfərov


    Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    XX-ci əsrdə bir çox müharibələr və silahlı münaqişələrin baş verməsi, beynəlxalq humanitar hüququn ciddi pozuntuları, müharibə qanunları və adətlərinə etinasız münasibətin nümayiş etdirilməsi ilə yadda qaldığına baxmayaraq, misli görünməyən Xocalı soyqırımı öz qəddarlığı, insanlıq məvhumunu sarsıtmasıyla heç vaxt yaddaşlardan silinməyəcək. Erməni silahlı birləşmələrinin beynəlxalq hüququn imperativ normalarını pozan, bəşəriyyət tarixində nadir hallarda rast gəlinən cinayətləri sırasında Xocalı soyqırımı xüsusi olaraq qeyd edilməlidir.
    1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq, yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq, onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl yaşda olan insan vəhşicəsinə qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Xocalı soyqırımı zamanı əsir və girov götürülənlərin 196 nəfərinin, o cümlədən, 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır. Erməni işğalının nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub.
    Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, "bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".
    Bütövlükdə bəşəriyyətə qarşı yönələn Xocalı faciəsinin yaddaşlarda əbədi olaraq qalması istiqamətində mühüm addım atıldı - Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Həmçinin Ümummilli Liderin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-də Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

    Mühüm hadisələr sırasında “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilməsi xüsusi olaraq qeyd olunmalıdır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir - 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.


    Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, bir çox ölkələrdə qəbul olunan parlament aktlarında bu soyqırım tanınmışdır.


    Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırıldılar.
    Ölkəmizin hüquq mühafizə orqanları Azərbaycan vətəndaşlarına qarşı soyqırım, müharibə cinayətləri, insanlıq əlehinə cinayətlər törədən şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri üçün bütün zəruri addımalrı atırlar və bu yaxınlarda bir sıra hərbi canilər barədə ittiham hökmlərinin çıxarılması sübut edir ki, heç kəs layiq olduğu ağır cəzalardan boyun qaçıra bilməyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR