Azərbaycanda “Bakı su həftəsi” keçirilir. 16 ölkədən 100-ə yaxın şirkət iştirak edir. Dövlət su ehtiyatları agentliyinin nümayəndəsi Səməd Rzazadə bununla bağlı
Azadmedia.az-a müsahibə verib.
- Səməd müəllim, “Bakı su həftəsi”nin keçirilməsində məqsəd nədir?
- Müasir dövrdə dünya bir sıra qlobal çağırışlarla üz-üzədir. Şirin su ehtiyatlarının çatışmazlığı dünya dövlətləri arasında mürəkkəb problemə çevrilib. Ona görə də sudan səmərəli istifadə, su ehtiyatlarına qənaət ölkələr qarşısında prioritet sahələrdən birinə çevrilməkdədir. Azərbaycanda da bu hal istisna deyil. Ölkədə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə mühüm işlər görülür. Su infrastrukturu müasirləşdirilir.Ona görə də “Bakı su həftəsi”ndə çox vacib məsələlər müzakirə mövzusu olacaq.
- Beynəlxalq tədbir martın 13-ü və 14-ü də davam edəcək. İki gün davam edəcək konfransda nələr müzakirə ediləcək?
- Konfransda müəyyən mövzular var. Qlobal su qıtlığı, iqlim dəyişikliyi, Azərbaycan və Xəzər regionunun su ehtiyatları aqrar sahədə suyun istifadəsi cəmiyyətdə suyun davamlılığı kimi mövzular müzakirəyə çıxarılacaq. Bu mövzuları əhatə edəcək dövlət qurumları yerli və xarici ekspertlər, özəl şirkət təmsilçiləri orada olacaq. Ümid edirik ki, müzakirəyə çıxarılacaq mövzuların həlli yolları da tapılacaq. Həmçinin konfrans günlərində startap layihələrə də yer ayrılıb.
- Səməd bəy, şirin su ehtiyatları azaldığından bu məsələdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi də mühüm rol oynayır. Bu barədə nə deyə bilərsiz?
- Bu istiqamətdə silsilə işlər görülür. Dövlət su ehtiyatları agentliyinin stendində bir damcı adlı guşə var. Bu maarifləndirmə yönümlü kampaniyadır. Bir damcının hansı mərhələlərdən keçərək evlərimizə gəlib çatması da video çarxlarda göstərilir. Hazırlanan video materillar tədbir iştirakçılarına da paylanılır.Həmçinin ölkələrin su ilə bağlı təcrübələri də öyrənilir.
- İşğaldan azad edilmiş ərazilər zəngin su ehtiyatlarına malikdir. Lakin bildiyiniz kimi, bəzi çaylarımız Ermənistan tərəfindən çirklənməyə məruz qalmaqdadır.Bu məsələ də müzakirə mövzusu olacaqmı?
BMT-nin ekologiya ilə məşğul olan bir çox təşkilatları mövcuddur. Beynəlxalq konfrans zamanı keçiriləcək panel müzakirələrdə bu məsələ diqqətə çatdırılacaq və müzakirə mövzularından olacaq. Bu həm qlobal, həm də lokal problemdir. Ona görə də konfransda Qarabağ və Şərqi Zəngəzurun su məsələləri də aktual mövzu kimi qaldırılacaq
XƏLİL XƏLİLOV
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.