AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ

  • + A
  • - A
  • 27-03-2024, 13:26

    Türkiyə şəhərləri merlərini seçir: A-dan Z-yə SEÇKİ PROSESİ


    Türkiyədə martın 31-də keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərə hazırlıqlar davam edir. Seçkilərdə 81 vilayət (il), 973 rayon (ilçe), 390 mahal (belde) bələdiyyələrinə sədrlər və 50 336 kənd və məhəlləyə yerli başçılar (muhtar) seçiləcək, habelə bələdiyyə məclisi üzvləri və vilayət ümumi məclisi (il genel meclisi) üzvləri üçün də seçkilər keçiriləcək.

    Seçicilər harada və hansı qutuda səs verəcəklərini Ali Seçki Komissiyasının (YSK) rəsmi internet saytından, elektron hökumət portalından, YSK-nın seçici sorğuları üzrə mobil tətbiqindən və ya 444 9 975 nömrəli YSK çağrı mərkəzindən yoxlaya biləcəklər. Seçicinin harada səs verəcəyini göstərən seçici məlumat vərəqəsinin seçki günü məntəqəyə gətirilməsi məcburi olmayacaq.

    Seçki məntəqəsində səsvermə kabinəsinə videoregistrator və ya mobil telefon, fotoaparat və kamera kimi vasitələrlə daxil olmaq qadağandır və cəriməsi var. Bu cür cihazlar səs verilərkən seçki komissiyasına verilməlidir. Yerli seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Seçki bülletenində partiyaların sırası belədir:

    Ədalət və İnkişaf Partiyası 1, İYİ Partiya 2, Sol Partiya 3, Böyük Birlik Partiyası 4, Vətən Partiyası 5, Ana Vətən Partiyası 6, Demokratik Sol Partiya 7, Yenidən Rifah Partiyası 8, Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM Partiya) 9, Türkiyə Kommunist Partiyası 10 , Anadolu Birliyi Partiyası 11, Zəfər Partiyası 12, Xalq Qurtuluş Partiyası 13, Türkiyə Kommunist Hərəkatı 14, Müstəqil Türkiyə Partiyası 15, Gələcək Partiyası 16, Yeni Türkiyə Partiyası 17, Cümhuriyyət Xalq Partiyası 18, Əmək Partiyası 19, HÜDAPAR 20, Hüquqlar və Azadlıqlar Partiyası 21, Ocaq Partiyası 22, Ədalət Birlik Partiyası 23, Demokrat Partiyası 24, Güc Birliyi Partiyası 25, Millət Partiyası 26, Milli Yol Partiyası 27, Ədalət Partiyası 28, Aydınlıq Demokratiya Partiyası 29, Milliyyətçi Hərəkat Partiyası 30, Türkiyə Fəhlə Partiyası 31, Demokratiya və Təşəbbüskarlıq Partiyası (DEVA) 32 , Səadət Partiyası 33, Vətən Partiyası 34.

    Hər bir seçici qanunda göstərilən istisna hallardan başqa, yalnız seçici siyahısında qeydiyyatda olduğu seçki məntəqəsində səs verə biləcək. Seçici yalnız həmin seçki dairəsində keçirilən seçkilər üzrə səs verə bilər. Böyükşəhər sistemi üzrə idarə olunan vilayətlərdə - Adana, Ankara, Antalya, Aydın, Balıkəsir, Bursa, Denizli, Diyarbakır, Ərzurum, Eskişehir, Qaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon və Vanda seçicilər böyükşəhər bələdiyyəsinin sədri, rayon bələdiyyəsinin sədri, bələdiyyə məclisi üzvləri və kənd və məhəllənin yerli başçılarını seçəcəklər.

    Böyükşəhər sistemi ilə idarə olunmayan vilayətlərdə - yerdə qalan vilayətlərdə isə səslər vilayət ümumi məclisi üzvləri, bələdiyyə sədri, bələdiyyə məclisinin üzvləri və kənd və məhəllənin yerli başçıları üçün veriləcək. Böyükşəhər bələdiyyəsinin sədri üçün seçki bülleteni ağ, vilayət ümumi məclisi üzvlüyünə seçki bülleteni narıncı, bələdiyyə sədrliyinə seçki bülleteni mavi və bələdiyyə məclisi üzvlüyünə seçki bülleteni sarı rəngdə olacaq. Seçicilər bütün seçki bülletenlərini bir zərfə qoyacaqlar.

    Seçki mart ayında keçirildiyi üçün YSK 32 şərq vilayətində mövsümi şərtləri və günəşin qürub vaxtını nəzərə alaraq səsvermə vaxtını bir saat əvvələ çəkib. Bu səbəbdən Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbakır, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhane, Hakkari, Qars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rize, Siirt, Sivas, Trabzon, Tunceli Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır, Kilis vilayətlərində səsvermənin başlama və bitmə saatları müvafiq olaraq 07:00 və 16:00 kimi müəyyən edilib. Yerdə qalan vilayətlərdə səsvermə saatları 08:00-17:00 arasında olacaq.

    Səslərin sayılması prosesinə gəlincə, əvvəlcə böyükşəhər bələdiyyələrində böyükşəhər bələdiyyəsinin sədri, sonra rayon bələdiyyəsinin sədri, daha sonra bələdiyyə məclis üzvü və yekunda kənd və məhəllələrin yerli başçıları seçkiləri üçün bülletenlər sayılacaq. Digər vilayətlərdə isə sıra ilə bələdiyyə sədri, bələdiyyə məclis üzvü, vilayət ümumi məclis üzvü və kənd və məhəllələrin yerli başçıları seçkiləri üçün bülletenlər sayılacaq və hesablanacaq.

    Ölkə xaricindəki seçicilər reyestrində qeydiyyata alınmış hər bir seçicinin parlament seçkilərində, prezident seçkilərində və referendumlarda, diplomatik nümayəndəliklərdə və gömrük-keçid məntəqələrində yaradılacaq seçki qutularında səs vermək hüququ olsa da, yerli seçkilərdə xaricdəki vətəndaşlar səs verə bilməzlər. Qeydə alınmış ümumi seçici sayı 61 441 882 nəfərdir. Bunlardan 1 032 610 nəfəri bu seçkidə ilk dəfə səs verəcək 18 yaş+ gənclərdir. Seçicilərin 50,59 faizini qadınlar, 49,41 faizini isə kişilər təşkil edir. 

    Ən uzun seçki bülleteni İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) sədrliyinə seçkilərdə istifadə olunacaq. Burada 22 siyasi partiya namizədi və 27 müstəqil namizədin iştirak edir ki, onların hamısının bülletendə müvafiq yeri var. Bu bülletenin uzunluğu 97 santimetrdir. Ən qısa seçki bülleteni Şırnak vilayətinin Uludere rayonundakı Hilal qəsəbəsi üçün çap edilmiş 4,5 santimetr uzunluğunda seçki bülleteni olub, çünki burada yalnız bir siyasi partiya namizəd irəli sürüb.(MODERN)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR