AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saxta veteran vəsiqəsi gəzdirən generallar... - “Onlar arasında nazir müavinləri də var”

  • + A
  • - A
  • 20-02-2017, 15:12

    Saxta veteran vəsiqəsi gəzdirən generallar... - “Onlar arasında nazir müavinləri də var”














    Millət vəkili Aqil Abbasın müdafiə naziri Zakir Həsənova saxta müharibə veteranları, Qarabağda könüllü döyüşən şəxslərin bir qisminin müharibə veteranı vəsiqəsini hələ də ala bilmədikləri ilə bağlı ünvanladığı AÇIQ MƏKTUB cəmiyyətdə marağa səbəb olub

    Həm müharibə iştirakçıları, həm də bu sahədə fəaliyyət göstərən bir çox təşkilatlar məsələnin deputat tərəfindən gündəmə gətirilməsindən istifadə edərək, mövcud problemləri dilə gətirib.

    Mövzunun aktuallığını nəzərə alaraq, Milli ordunun keçmiş briqada komandirinin müavini, hərbi ekspert Üzeyir Cəfərovun məsələ ilə bağlı mövqeyini öyrənilib.

    Ehtiyatda olan zabit, Aqil Abbasın yenidən gündəmə gətirdiyi məsələnin hələ sabiq müdafiə naziri Səfər Əbiyevin zamanında belə dəfələrlə mətbuatda işıqlandırıldığını, lakin həll olunmadığını deyib.

    Hərbi ekspert əlavə edib ki, bu sahədə çox ciddi problemlər var. Onun sözlərinə görə, hətta müharibə zamanı güllə yarası alıb, hospitallarda müalicə alan müharibə iştirakçıları belə müharibə veteranı vəsiqəsi əldə edə bilmirlər: "Mən vaxtilə döyüşlərdə iştirak etmiş onlarla şəxs tanıyıram ki, onlar öz hüquqlarını bərpa edə bilmirlər. Hətta onların işləri ilə əlaqəli məhkəmələrə müraciətlər etmişik. O şəxslər müharibədə güllə yarası alıblar. Müdafiə Nazirliyinin yerlərdəki hospitallarında, elə Bakıdakı hospitalda olublar. Amma təəssüflər olsun ki, onlar hələ də müharibə veteranı vəsiqəsini almayıblar. Konkret ad deyirəm: Xəqani Qurbanov, Zülfüqar Qasımov. Şəxsən mənim tanıdığım, vaxtilə mənim hərbi hissəmdə xidmət edənlər var ki, onlardan biri də Füzuli Hüseynov və onun kimi onlarla şəxsdir. Bu şəxslər döyüşlərin iştirakçısı olublar, amma bu günə qədər biz onların haqqını tanıya bilməmişik.

    Vaxtilə Füzuli döyüş briqadasının komandir müavini olmuş biri kimi deyirəm ki, o vaxt kimlərsə bizim istiqamətdə, Daşburuna ezamiyyətə gəlib, yardım gətirib, yaxud hansısa işi olub, gəlib və geri qayıdıb, sonra gedib "müharibə veteranı” olublar. Döyüş nöqtəsinə belə çatmayan adamlar bu gün müharibə veteranı sayılırlar, dövlətin verdiyi müavinətdən yararlanırlar, amma döyüşlərdə iştirak edib, yaralananlar bu gün diqqətdən kənar qalıblar.

    Həmin şəxslərin əsl müharibə iştirakçısı olduğuna dair bəzi sənədlər tapılıb, bəziləri tapılmayıb. Amma fakt odur ki, həqiqi müharibə iştirakçıları bir qırağa qalıb, iştirak etməyənlər müharibə veteran vəsiqəsini daşıyırlar.

    Həqiqi veteranlarla saxta veteranları ayırmalıyıq. Bu gün yerlərdə o qədər saxta vəsiqələr gəzdirən veteranlar var ki, mən dəhşətə gəlirəm”.

    Ü.Cəfərov veteranlarla bağlı problemlərin həllində hökumətin gecikdiyini vurğulayıb: "Aqil bəyin təklifi bir az gecikmiş də olsa, hesab edirəm ki, bu məsələ mütləq mənada gündəmə gəlməlidir və həllini tapmalıdır. Biz bu məsələləri həll etməkdə çox gecikirik. Çünki zaman keçir, vaxtilə bizim tabeliyimizdə olan insanların, Qarabağ müharibəsində iştirak eləmiş şəxslərin bəziləri dünyasını dəyişib, bəzi komandirlər artıq həyatda yoxdurlar. Gecişmədən əsl müharibə iştirakçılarına layiq olduqları qiymət verilməlidir”.

    Hərbi ekspert saxta müharibə iştirakçıları arasında generalların da olduğunu diqqətə çatdırıb: "Nazirliyin rəhbər şəxsləri, hətta nazir müavini səviyyəsində olan şəxslər, generallar var idi ki, döyüşlərin iştirakçısı olmaya-olmaya kabinetdə oturub özlərinə saxta veteran vəsiqəsi düzəltmişdilər. İllər keçib deyə həmin generallar artıq orduda xidmət etmirlər, amma nə olur-olsun, istənilən halda vaxtilə tutduqları vəzifələrdən, postlardan istifadə edib veteran vəsiqələri düzəldiblər və bu gün də dövlətin verdiyi imkanlardan istifadə edirlər. Təkcə Müdafiə Nazirliyində deyil, Daxili İşlər Nazirliyində də belə yüksək vəzifəlilər var. Güc strukturklarının bir çoxunda, hətta prokurorluq sistemində işləmiş şəxslər var ki, onlar saxta veteran vəsiqəsi düzəldiblər.

    Biz həqiqi döyüşənlərlə saxta döyüşənlər, yaxud 2-3 gün döyüşənlər arasındakı fərqi müəyyən etməliyik. Həqiqi döyüşçülər öz haqlarını bərpa edə bilmirsə, vəzifədən, postdan istifadə edib vəsiqə düzəldənlərin də bu imtiyazlardan istifadə etməyə heç bir mənəvi haqqı çatmır”. (bakıpost.az)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR