Rusiya Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinin videogörüntülərini yayıb.
Xatırladaq ki, Kreml bu gün Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını elan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ötən gün Azərbaycan mətbuatında yayılan məlumatı təsdiqləyib.
Peskov təfərrüatları açıqlamadan müvafiq suala qısaca cavab verib: “Bəli, həqiqətən belədir”.
Bu gün daha sonra sülhməramlıların vaxtından əvvəl çıxarılmasına dair razılaşmalar Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən təsdiqlənib.
“2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan və Rusiyanın ali rəhbərliyi Azərbaycan ərazisində müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlılarının ölkəmiz ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edib. Artıq proses başlayıb, Azərbaycan və Rusiyanın Müdafiə nazirlikləri bu qərarın icrası üçün müvafiq tədbirlər görür”, - deyə Hikmət Hacıyev bildirib.
Dünən, aprelin 16-da Azərbaycan mətbuatı Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması prosesinin bir neçə gün əvvəl başlaması barədə məlumat yayıb. Sülhməramlıların ilk tərkibinin və hərbi texnikasının Kəlbəcər rayonundakı Alban Xudavəng məbədinin ərazisini tərk etdiyi və hazırda monastırın Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qorunduğu bildirilib. Sosial şəbəkələrdə Rusiya texnikası karvanının Azərbaycanın Tərtər və Bərdə rayonlarından keçməsini əks etdirən videogörüntülər də yayılıb.
Rusiya, Azərbaycan və Ermənistan 2020-ci il noyabrın 9-da Qarabağda İkinci Qarabağ müharibəsinə son qoyan tarixi üçtərəfli atəşkəs sazişi imzalayıb. Sənədə əsasən, atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Onların bölgədə qalma müddəti beş il müəyyən edilib. Azərbaycan rəhbərliyi dəfələrlə vurğulamışdır ki, o, Rusiyanın sülhməramlı missiyasının regionda təhlükəsizliyin bərqərar olunmasına töhfəsini müsbət qiymətləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.