Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın işğalı altında olan azərbaycanlıların Əskipara (adını dəyişib Voskepar etmişdilər) kəndinə səfərindən sonra sosial şəbəkədəki səhifəsində video yayımlayıb.
Ermənistanın baş naziri çıxışında qeyd edib: “Elə bir zaman gəlir ki, vətən naminə, ölkə naminə özünü qurban verməlisən. Hörmətini, adını, övladının ruhi durumunu, ailənin dincliyini, valideynlərinin gözəl xatirəsini, babanın gözəl xatirəsini qurban ver, amma bunu niyə etdiyini bilmək lazımdır. Mən bunu niyə etdiyimi bilirəm, Ermənistan Respublikasının müstəqil dövlət olması üçün edirəm”.
Bu gün səhər saatlarında Nikol Paşinyan bir ay ərzində ikinci dəfədir ki, Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfinin işğal etdiyi Tavuş rayonunun (Azərbaycanın inzibati ərazi bölgüsünə görə Qazax rayonu) Voskepar (azərbaycanca adı - Əskipara) kəndinə gəlib.
Sputnik-in məlumatına görə, görüşdə baş nazir Azərbaycanla kəndlərin mübadiləsinə dair razılığın əldə olunacağına 90% əmin olduğunu bildirib.
Baş nazir Voskepar yaxınlığında alternativ yol çəkməyi də təklif edib, lakin bu təşəbbüs yerli sakinlərin müqaviməti ilə üzləşib.
Xatırladaq ki, martın əvvəlində Azərbaycanın baş nazirinin müavini, Ermənistanla delimitasiya üzrə dövlət komissiyasının həmsədri Şahin Mustafayevin ofisi bəyan etmişdi ki, Azərbaycanın dörd anklav kəndi olan Bağanıs Ayırım, Aşağı Əskipara, Xeyrımlı və Qızılqacılı “ dərhal azad edilməlidir. Bu kəndlər Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal olunub. Azərbaycanın ərazi bölgüsünə görə Qazax rayonunda, Ermənistan ərazi bölgüsünə görə onun Tavuş rayonunda yerləşirlər.
Bu bəyanatdan sonra martın 18-də Ermənistanın baş naziri Voskepar (Əskipara) sakinləri ilə görüşüb və bəyan edib ki, işğal olunmuş kəndlər geri qaytarılmasa, yeni müharibə başlayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.